7 İyul 2017 15:10
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Lalə Yavərova ifadə verib.

O bildirib ki, zərərçəkmiş Ələsgər Əliyev qardaşıdır, onların Mərdəkan qəsəbəsində pay torpaqları olub: "Həmin torpaqların bir hissəsi qardaşlarımın, bir hissəsi isə mənim adıma idi. Qardaşım həmin torpağı satandan sonra problemlə üzləşdik. Torpağı alanlar qardaşımı həbs etməklə hədələyərək guya torpağın sənədlərinin saxta olduğunu bildirdilər. Hədə-qorxu gələnlərdən biri Rövşən adlı şəxs idi. Onlar Elçin müəllimin adını çəkirdilər".

Digər şahid Rövşən Abbasov bildirib ki, MTN-in Xəzər rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərovun qohumudur: "Rafiq dedi ki, rəhbərliyə Mərdəkanda torpaq sahəsi lazımdır. Əvvəlcə torpaq tapa bilmədim, sonra Ələsgər Əliyevin torpaq satdığını eşidib Rafiqə dedim. Oranı Rafiqə göstərdik, ilkin olaraq 50 min manat verdik. Sonra məlum oldu ki, torpaq sahəsi Ələsgərə yox, dövlətə məxsusdur.O, problemi həll edəcəsəyini söylədi, amma söhbətdən yayınmağa başladı. Biz özümüz torpağı özəlləşdirə bildik. Tikinti işləri aparılan zaman Elçin Quliyev ora gəldi, onu həmin vaxt görmüşəm".

Şahid qeyd edib ki, məlum hadisələrdən sonra Ələsgər Əliyev şikayətçi olub və guya ondan 185 min manat aldığımızı bildirib: "Rafiq adının hallanmaması üçün Ələsgər Əliyevə 10 min manat və 12 sot torpaq sahəsi verməyi təklif etdi. Mənim də bununla bağlı Ələsgərlə söhbətim oldu, pulu verdim, o da mənə 1000 manat hörmət elədi".

Bu zaman Elçin Quliyev zərərçəkmişlərin şantajı ilə üzləşdiyini deyib: "Hörmətli hakim, heç bir səbəb olmadan 2 ildir həbsdəyəm. Bu işdə hədə-qorxu gələnlər kənarda qalıb, məni həbs ediblər. Buradakı ifadələrdən də görünür ki, şantaj olunuram. Zərərçəkmiş deyə bilər ki, ondan 1 milyon manat almışam... Özü gedib imza atıb, sənədləşmə işi aparlıb, indi də burada iftira atır. 2 ildir həbsdəyəm, amma bilmirəm, nəyə görə həbs olunmuşam"

MTN-nin Xəzər rayon şöbəsinin baş əməliyat müvəkkili olmuş Heydər İslamov bildirib ki, Rafiq Səfərovun tapşırığı ilə Mərdəkan qəsəbəsində torpaq sahəsi ilə maraqlanıb. Onun sözlərinə görə, Rafiq Səfərov, Elçin Quliyev və İlqar Əliyev bir ərazidə bağ sahəsi almaq istəyiblər. Torpaq sahəsi sənədləşdirilndən sonra hər üç vəzifəli şəxs bağ evi tikdirib.

Bu zaman Elçin Quliyev deyib ki, istintaq təcridxanasında ciddi nəzarətdə saxlanılır, kamerasının qarşısına 4 nəfər keşik çəkir: "Həbs olunduğum ilk dövrdə 4-5 ay ailəmlə danışmağıma da icazə verilmədi. Sonradan telefonla danışsam da, danışıqlarım dinlənilib. Mənim şahidləri öyrətmək imkanım yoxdur. Dövlətə sədaqətlə xidmət etmişəm, milli qəhrəmandan başqa bütün mükafatlarım var".

Zərərçəkmiş Mətləb Mustafayev Elçin Quliyevin çıxışına kəskin etirazını bildirib: "Sən nə utanmaz adamsan! Həbs olunmağımda birbaşa rolun var, evimə tapança qoymaq göstərişi vermisən".

Hakim tərəflərin mübahisəsini sakitləşdirəndən sonra MTN-in Xəzər rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərov ifadə verib. O deyib ki, torpaq sahəsinin alınmasını Heydər İslamova tapşırıb. Həmin torpaq sahəsini Ələsgər Ələkbərovdan alıb. Sənədlərdə problem yaranıb, problemi öz kanalları ilə həll edəndən sonra bağ evləri inşa olunub.

Digər şahid Kamil Şükürov bildirib ki, zərərçəkmişlər - Xəzər rayon icra hakmiyyəti başçısının müavini olmuş Ələkbər Heydərov və dövlət reyestr xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini olmuş Rauf Sultanovu tanıyıb: "Ev alqı-satqısı ilə məşğul olurdum. Torpaq sənədlərinin düzəldilməsi ilə bağlı Rauf Sultanov məndən 20 min manat istədi. Həmin məbləği verə bilmşdiyim üçün MTN-in antiterror mərkəzinə şikayət etdim. Orada tanışım vardı".

Şahid daha sonra bildirib ki, zərərçəkmiş Ələkbər Heydərovla münasibəti olmayıb. Bu zaman Ələkbər Heydərov deyib ki, şahid izahatlarında dəəflərlə onunla görüşdüyünü göstırib: "Rayonda heç bir maklerlə əlaqəm olmayıb. Əgər əlaqəm olubsa, sağ əlimi kəsərəm".

Digər zərərçəkmiş Maqsud Mahmudov çıxışında bildirib ki, iyulun 6-da Ali Məhkəmənin qərarı ilə əlindən alınan restoran geri qaytarılıb: "Dəymiş ziyanı təqsirləndirilən şəxslərə bağışlaya bilərəm. Amma bir şərtim var. Eldar Mahmudovun məhkəmədə dindirilməsi təmin olunsun. Elçin Quliyev və Azər Mehdiyevə qarşı şəxsi qərəzim yoxdur. Onlara nə göstəriş verilib, icra ediblər. Eldar Mahmudovun göstərişi ilə MTN-ə çağırılmışam. Başçı bura gəlməyəndən sonra icraçıdan nə tələb edə bilərik? Mənim Badamdar qəsəbəsində Eldar Mahmudovla qonşuluqda sənədi olan torpaq sahəmi şumlayıblar. Bununla bağlı məhkəməyə müraciət edəcəm".

Zərərçəkmiş Mətləb Mustafayev vəsatətlə çıxış edib. Bildirib ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyev 2015-ci il oktyabrın 17-də həbs edilib və dekabrın 20-də intihar edib. O, İlqar Əliyevin Ağır Cinayətlərə Dair İstintaq İdarəsində zərərçəkmiş və zərərçəkmişlərin hüquqi varisləri ilə bağlı verdiyi ifadəsinin elan edilməsini istəyib.

Mətləb Mustafayev də qeyd edib ki, MTN-ə çağırılmasında Eldar Mahmudovun rolu olub və onun dindirilməsini istəyir. Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.

İş üzrə zərərçəkmişlər – Sahib Qurbanov və Zaur Əzimov mülki iddia qalıdırıblar. Mülki iddialar icraata götürülüb. Hakim deyib ki, hər iki zərərçəkmişin verdiyi mülki iddia məhkəmə istintaqı zamanı araşdırılacaq.

Növbəti proses iyulun 21-də davam edəcək.


Müəllif: Hacı Zeynalov