20 İyul 2017 12:06
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin sentyabrında 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Eldar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən il sentyabrın 10-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil rayonun Parakənd qəsəbə sakini Eldar Aslanovun idarə etdiyi “Mersedes” markalı avtomobili ilə toqquşub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri və təcili yardım maşınları cəlb olunub. Xilasedicilər xüsusi alətlərin köməyi ilə “VAZ-2106” markalı minik avtomobilində sıxılıb qalmış sürücünün və sərnişinlərin cəsədlərini, eləcə də bir nəfər yaralını, “Mersedes” markalı avtomobildən 6 yaralını çıxararaq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salıblar.

Yol-nəqliyyat hadisəsi zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyev, sürücünün həyat yoldaşı Əzizə Quliyeva, Boladi kənd sakinləri Bahar Bağırova və Nazilə Seyfullayeva dünyasını dəyişiblər.

“Mersedes” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Parakənd qəsəbə sakinləri Eldar Aslanov, Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli, Elvin Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Mahmudova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanada yaralılardan biri - Reyhan Mahmudova həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində Eldar Aslanov təqsirli bilinib.

Eldar Aslanov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, avtomobili sürən zaman qaydanı pozmayıb.

Onun sözlərinə görə, qarşı tərəfdən gələn avtomobil onun yoluna çıxıb və yol nəqliyyat hadisəsi baş verib.

Növbəti proses iyulun 26-da davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər