25 İyul 2017 22:23
3 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı sakini Nurlan Mirəli Sabir oğlu “Aqro-Vest DC” Məhdud Məsuliyyətli Cəmiyyətdən şikayətçidir. Şikayətçi bildirib ki, o, şirkətdə çalışdığı müddətdə əmək hüquqları pozulub.

Bununla bağlı müvafiq qurumlara müraciət edib, kömək ala bilməyincə məsələni ictimailəşdirmək üçün musavat.com-a müraciət edib.

Nurlan Mirəli başına gələnləri aşağıdakı kimi anladıb: “Şirkət xaricdən gətirdiyi malların ölkədə satışı ilə məşğuldur. Şirkətin rəhbəri Anar Şərifov, icraçı direktoru isə Rəşad Həbibovdur. Şirkətin əmək müqaviləsində göstərilməyən, daxili idarəetmə qanunlarına əsasən maaş və bonuslarımız “vozvrat” miqdarına (satılan malların qaytarılan miqdarı) əsasən tənzimlənirdi. Bu limit keçəndə əmək haqqı və bonuslarımızdan tutulurdu. Şirkətdə işlədiyim müddətdə son aylar ərzində haqsız və əsassız yerə maaşlarımdan tutulmalar olub. Rəsmi olaraq maaşım 200 manat göstərilsə də əslində bonusların hesabına 1500 manatdan çox alırdım. Bununla bağlı da müvafiq qurumlara müraciət edib, cavab ala bilməmişəm. 2016-cı ilin noyabr ayından maaşımdan 900, dekabr ayında 1100 manat tutulub, yanvar ayında isə ümumiyyətlə maaş verməyiblər.

Şirkət tək mənim ödəmələrimi deyil, dövlətin vergi ödəmələrini də saxta yollara əl ataraq ödəmir. Dövlətin inkişafı üçün sahibkarların ödəməli olduqları vergi öhdəliyindən yayınır. Qanuni dövriyyəni 200.000 AZN (iki yüz min) göstərsə də, 2.000.000 AZN-dən (iki milyon) böyük dövriyyəyə sahibdir və bu dövriyyənin vergisi yayındırılır.

Bundan əlavə, şirkət başqa işçilərinin də hüquqlarını pozur. Vətəndaşların Əmək Məcəlləsində göstərilən işçi hüquqları tapdanır. İşçilər 12 saat işləməyə məcbur edilir, əmək haqları haqsız kəsilir, vaxtında verilmir. Üstəlik Soçi kolbasaları şirkətin anbar hissəsində ayrıca şirkət kimi “Aqro-Vest”in tərkibində fəaliyyət göstərir və “merçendayzer” işləyənlər əmək müqaviləsi olmadan çalışırlar.

İcraçı direktor Rəşad Həbibovun rəsmi sənədlərdə 500 AZN aldığı göstərilsə də, 10.000-15.000 AZN (on, on beş min) maaş alır, amma vergilərini ödəmirlər. Onu da qeyd edim ki, hüquqlarımın pozulması ilə bağlı müvafiq qurumlara müraciət etdikdən sonra şirkət rəsmiləri mənə hədə-qoxu gələrək, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə barəmdə ərizə ilə müraciət etdilər. Deyirlər ki, bizə kimsə nə isə edə bilməz. Ümumilikdə, şirkət xeyli sayda qanunsuzluqlara yol verib”.

Məsələ ilə bağlı şirkət rəsmilərinin də mövqelərini öyrənməyə cəhd göstərdik, lakin buna nail ola bilmədik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər