18 Sentyabr 2017 11:18
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda qayınatasını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Tural Rüstəmovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Tural Rüstəmov Mehparə Kərəmova ilə ailə həyatı qurduqdan sonra iki azyaşlı uşağı ilə İsmayıllı şəhərində kirayədə yaşayıb.

Son zamanlar Turalla arvadının arasında ailə-məişət zəminində mübahisələr baş verib. Bu mübahisələri qadın atası Roman Kərəmova deyib.

21 avqust 2016-cı il tarixdə Roman Kərimov Tural Rüstəmovun İsmayıllı şəhərində kirayədə qaldıqları evə qonaq gəlib. O, nəvəsi ilə oynayarkən Turalla aralarında mübahisə yaranıb. Roman Kərimov küsərək evi tərk edib.

Ertəsi gün Tural Rüstəmovun İsmayıllı şəhərində işlədiyi “Əşya bazarı” ilə üzbəüz yerləşən qızıl məmulatlarının təmiri sexində olduğu vaxt qayınatası Roman Kərəmov mobil telefonundan ona zəng edib, iş yerinin yanına gəldiyini bildirib və çölə çıxmasını tələb edib.

Qayınatasının əsəbi danışdığını görən Tural onun dalaşmağa gəldiyini ehtimal edib, işdə istifadə etdiyi “yeyə” alətini götürüb və üzərində gizlətdikdən sonra çölə çıxıb.

Roman Kərəmov onu idarə etdiyi “Mercedes Benz” markalı avtomaşına əyləşməsini təkid edib. Tural maşına oturub.

Roman Kərəmov münasibətlərinə aydınlıq gətirmək üçün maşını sürüb, Turalın yol boyu hara getdiklərini soruşmasına baxmayaraq, məlumat verməkdən imtina edib.

Daha sonra Roman Kərimov rayonunun Quşencə kəndinin yaxınlığında yerləşən məişət tullantılarının atıldığı ərazidə maşını saxlayıb və hər ikisi maşından düşüblər.

Həmin ərazidə Roman Kərəmov onun və yaxın qohumlarının ünvanına nalayiq ifadələr işlədib. Dalaşma zamanı əsəbiləşən Tural sexdən çıxarkən götürdüyü yeyə ilə qayınatasının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Roman Kərimov aldığı xəsarətlərdən ölüb. Tural Rüstəmov polisə könüllü təslim olub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Rüstəmov cəzasının 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Tural Rüstəmovun vəkili Samir Şərifov apelyasiya şikayəti verib. Müdafiəçi Tural Rüstəmovun barəsində ədalətli cəza təyin edilməsini xahiş edib.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Bəhman Kərimov da apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cəzalandırılmasını istəyib.

Hər iki tərəfin şikayətinə Şəki Apelyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Qərara görə, Tural Rüstəmovun müdafiəçisinin şikayəti qismən təmin edilib və onun barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Məhkəmə Tural Rüstəmovun cəzasını 10 il 6 aya endirib. Cəzanın ilk 2 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.

Zərərçəkmiş şəxsin apelyasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər