20 Sentyabr 2017 16:30
2 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləmiş Mətləb Mustafayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə Bakı Hərbi Məhkəməsindən ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digər əməkdaşı, polkovnik-leytenant Azər Mehdiyevin cinayət işi tələb olunduğu məlum olub.

Hakim bildirib ki, həmin cinayət işində Mətləb Mustafayevə aid şahid ifadələri Bakı Hərbi Məhkəməsindən alınıb və hazırkı işə əlavə olunub.

Mətləb Mustafayevin vəkili Adəm Məmmədov bildirib ki, müvəkkilinin əməlində heç bir cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, Mətləb Mustafayevin MTN-in Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbsi qabaqcadan qurulmuş oyundur: “Bu işdə kifayət qədər qanun pozuntuları var”.

Çıxış edən Mətləb Mustafayev bildirib ki, 6 sentyabr 2014-cü ildə saat təxminən 15 radələrində kiçik qardaşı Malik Mustafayevlə (MTN-də polkovnik işləyib, həmin dövrdə özünü asıb – red.) danışıb: “Həmin vaxt qardaşım bildirdi ki, nazir Eldar Mahmudov səni yanına çağırır. Çox təccübləndim, bildirdim ki, mən hara, Eldar Mahmudov hara. Malik dedi ki, nazir ondan qardaşı Mətləb haqqında soruşub. Mənim komitə sədri ilə niyə yola getmədiyimi, işdən qanunsuz çıxarılmağım barədə Xətai rayon Məhkəməsinə, “Xalq”, “Respublika” və “Azərbaycan” qəzetlərinə müraciət etməyimə irad tutub.

Sonda nazir qardaşıma bildirib ki, get onu bura gətir, “spesnaz”ı göndərərdim, amma qohum-əqrəbanızdan ayıbdır, bunu etmirəm. Qardaşımla birlikdə MTN-ə getdim. Məni Elçin Quliyev və müavini İlqar Əliyev qəbul etdilər. Məndən rəhbər işçilər barədə onların dediklərini yazmağı və çəkilişlər aparılacağını bildirdilər. Orada mənə müxtəlif şirnikləndirici vədlər olundu.

Elçin Quliyev məndən 2011-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsindəki iş yerimdən qanunsuz çıxarıldıqdan sonra prezidentə, müxtəlif dövlət qurumlarına müraciət etsəm də nazir Eldar Mahmudova niyə müraciət etmədiyimi soruşdu. Cavab verdim ki, Əmlak Komitəsi MTN-ə tabedir, yoxsa onun strukturuna daxildir ki, Eldar Mahmudova müraciət edəydim?.. Elçin Quliyev bildirdi ki, əgər onun dediklərimə əməl etməsəm, məni və həmin vaxt bu orqanda Situasiya Mərkəzinin rəis müavini olmuş qardaşım Malik Mustafayevə problem yaradacaq. Elçin Quliyev öz iyrənc və ləyaqətsiz təkliflərini mənə bildirdi, təxminən saat 19 radələrində məni sərbəst buraxdılar”.

Mətləb Mustafayev qeyd edib ki, sentyabrın 11-də Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilib: “Həmin gün “Yeni Saray” qəsəbəsində bağ evində olduğum zaman Antiterror Mərkəzinin rəisi Elçin Quliyev, xüsusi əməliyyat baş idarəsinin rəisi Ceyhun Rzayev, əməliyyat texniki idarənini rəisi Natəvan Mirvətova, tabeliində olan əməkdaşlarından ibarət, başçılarının Hüseyn Əhmədov olduğu idmançı görkəmli 15 şəxs heç bir məhkəmə qərarı təqdim etmədən evimə girdilər. 4 nəfər qollarımı bərk-bərk tutdu, bir nəfərin arxadan metal əşyanı barmağıma toxundurduğunu hiss elədim. Skamiyada oturan Hüseyn Əhmədov bu vəziyyəti diqqətlə seyr edirdi. Məni silah saxlamaqda ittiham etdilər. Guya, mən qanusuz tapança saxlamışam”.

Mətləb Mustafayev Apelyasiya Məhkəməsində çıxışı zamanı təəccübünü ifadə edib: “Anlamadım Eldar Mahmudov məndən və qardaşımdan nə istəyirdi? Ona Cəbrayıl rayonu işğal olunan zaman oradan gətirdiyimiz iki dəst yorğan-döşək lazim idi? İstəyərdi, ona verərdik. Fikirləşərdik ki, həmin yorğan-döşəyimiz də işğal altındakı kəndimizdə qalıb. Nazir Eldar Mahmudovun biz iki qardaşa qarşı bu qədər müsibətlər yaşatmaqda məqsədi nə olub?”.

Mətləb Mustafayev MTN polkovniki Azər Mehdiyevin Bakı Hərbi Məhkəməsində verdiyi ifadəsinə toxunub: “Azər Mehdiyev ifadəsində göstərib ki, Mətləb Mustafayev həbs edilməmişdən 5 gün əvvəl MTN-ə çağırırlıbsa, onun mənzilində 5 gün sonra tapança tapılması absurddur. Bu barədə Elçin Quliyevdən soruşmaq lazımdır. Antiterror Mərkəzinin 20-yə yaxın əməkdaşı məhkəmədə ifadə verdi.

Elçin Quliyev yalnız mərkəzin əməkdaşı Ramin Əliyevdən soruşdu ki, MTN-də tapança fabriki var idi, Mətləb Mustafayevin də evindən tapança çıxaraq? Bu bir daha sübut edir ki, evimə tapançanı Ramin Əliyev vasitəsi ilə qoyulub”.

Mətləb Mustafayevin sözlərinə görə, ona qarşı görülən əməliyyatlara əsas rəhbərliyi İlqar Əliyev edib. Sentyabrın 10-da Eldar Mahmudov daxili rabitə telefonu vasitəsi ilə Elçin Quliyevə zəng edib, bildirib ki, Mətləb Mustafayevin evində tapança olması barədə əməliyyat məlumatı var. Bundan bir həftə sonra nazir yenə də eyni qaydada Elçin Quliyevə bacımın evində silah olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib. Bütün bunları məhkəmədə Azər Mehdiyev açıqlayıb”.

Mətləb Mustafayev qeyd edib ki, barəsində 8 ay ərzində aparılan istintaq zamanı 5 dəfə tapança adı çəkilib: “İlk dəfə sentyabrın 23-də Azər Mehdiyev bildirdi ki, Cəbrayılı qoyub qaçanda özünüzlə çoxlu tapança, avtomat gətiriblər, sən də onlardan birisən. Bu mövzuda bir neçə şəxs mənimlə söhbət etdi. Sonuncu, 5-ci dəfə məni 2015-ci ilin fevralın 24-də İlqar Əliyev qəbul etdi və bildirdi ki, məgər Hüseyn Əhmədovun səninlə şəxsi-qərəzi var idi, sənin barmağına tapança toxundurulmasına, mənzilinə qoyulmasına şərait yatarsın?..”

Daha sonra çıxış edən prokuror bildirib ki, apelyasiya şikayəti üzrə adı keçən MTN əməkdaşlarının dindirilıməsi üçün əsas yoxdur. Onun sözlərinə görə, Mətləb Mustafayev həmin şəxslərlə istintaq zamanı üzləşdirilib, onların ifadələri məhkəməyə təqdim olunub. Prokuror həmin ifadələrin və üzləşdirilmə protokollarının araşdırılmasını istəyib.

Mətləb Mustafayev və vəkili isə dindirilmə aparılmasını istəyib.

Növbəti proses oktyabrın 4-də davam edəcək.

Mətləb Mustafayev 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Müdafiə tərəfinin kasasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub.

Mətləb Mustafayev apelyasiya şikayətində günahsız olduğunu, MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Mətləb Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib.

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev Mətləb Mustafayevdən başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.

MTN ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.

İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev həbs olunub. Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilir.

Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.


Müəllif: Hacı Zeyanlov

Oxşar xəbərlər