Bakıda oğurluq etdiyi üçün məhkum olunmuş Rafael Ağamalıyev ARB TV-nin “Rezonans” verilişində həyat hekayəsini danışıb.
Teleqraf.com ARB TV-nin “Rezonans” verilişinə istinadən xəbər verir ki, Rəfael Ağayev 7 dəfə məhkum olunub.
Onun sözlərinə görə, soncu dəfə 3 il 6 ay həbs cəzası alıb, ümumilikdə isə 24 ildir ki, həbsxana həyatı yaşayır:
“Birinci dəfə divarı sökmüşəm. Kondisioner, sərinkeş, televizor və digər əşyalar götürmüşəm. Həmin əşyaları satmışam, pul qazanmışam”.
Daha sonra pulununu bitdiyini deyən məhkum bildirib ki, oğurluq etmək üçün yenə də həmin ünvana gedib:
“Bu dəfə oğurluq zamanı əldə etdiyim əşyaları satanda polis əməkdaşları yaxaladı. Tutuldum və 3 il iş aldım”.
Məhkum qeyd edib ki, hər dəfə cəzasını çəkəndən sonra azadlığa çıxanda məhkum yoldaşları onunla zarafat edib: “Məhkum yoldaşlarım deyirdilər ki, sən məzuniyyətə gedirsən. Artıq bu, 7-ci məhkumluğumdur. Çıxanda həmişə istəmişəm evlənim, iş qurum. Amma alınmayıb. Çox peşman olmuşam. Bir dəfə içəridən çıxanda ticarətlə məşğul olmağa başladım, öz başımı saxlayırdım. Polis rəisi də məni tanıyırdı. Sonra bir məhbus yoldaşım tapdı məni, dedim ki, gəl ticarət edək. Razılaşmadı, məni də çəkdi yanına, oğurluğa getdik. O tutuldu, mən isə yox. Elə ev olub ki, qızıl, pul, çox şey oğurlamışam”.
Rafael Ağamalıyevin sözlərinə görə, növbəti dəfə həbsdən çıxandan sonra bir evə girib:
“Həmin evin kamerasının kabelini kəsəndən sonra evə girdim. Bir də gördüm ki, mühafizə polisi gəldi. Sən demə, mən həbsdə olanda hər şey dəyişilibmiş. Kameranın kabelini kəsəndə 4-5 saat “zaryadka” saxlayır və bir ucu mühafizə polisinə bağlıdır. Məni tutdular. Keçən dəfə də bir qoyun oğurladım maşına qoydum. Gördüm ki, polis məni güdür. Maşında yoxlanış etdilər, qoyunu görəndə, dedim ki, özümünküdür. İnanmadılar, bölməyə apardılar. Buna görə də 4 il iş verdilər”.
Məhkum daha sonra ailəsinin ondan imtina edə bilməməsindən danışıb:
“Ailəm deyir ki, bir də tutulsan, yanına gəlməyəcəm, amma dözmürlər, gəlirlər. Oğurluğa girəndə öz evim kimi girirdim. Dağıdırdım, yığırdım, hətta mətbəxtdə yemək olanda yeyirdim. Bir dəfə ev sahibi evdə yatdığı halda yemək yedim, soyuducudan əti, ərzaqları apardım. Onsuz da oğurladığım şeylərin pulu ilə ərzaq alacaqdım, buradan götürdüm. Heç kim oğurluq etməsin, hər yer kameradır”.