Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilov, oğlanları - Anar, Teymur və Asim prokurorluqda ifadə veriblər.
Teleqraf.com həmin ifadələri əldə edib.
Çingiz Cəlilovun cinayət işi üzrə ifadə verən Anar Cəlilov heç bir yerdə işləmədiyini bildirib.
Onun sözlərinə görə, Çudo Peçka MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub: "2012-ci ildə atam məni yanına çağırıb dedi ki, "Çudo Peçka"nın fəaliyyəti ilə bağlı "Bank Standard"dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də atamla razılaşdım, bundan sonra həmin bankın "MUM" Univermağının yanındakı baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım.
Lakin həmin sənədlərdə nə yazıldığı bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün tərtib olunan sənədlər idi. Həmin sənədlərin arasında 4 milyon 225 min manatlıq kredit müqaviləsi də var idi. Sənədlərə imza atdım. Amma kredit üzrə vəsaiti mən götürmədim".
Çingiz Cəlilovun digər oğulları - Teymur və Asim, həmçinin qardaşı Pərviz də Anar Cəlilovun verdiyi ifadələrə uyğun danışıblar. Onlar adlarına kredit götürülməsi təklifinin Çingiz Cəlilovdan gəldiyini deyiblər.
Qeyd edək ki, Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilov və “Bank Standart”ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Xatırladaq ki, ifadəsi məlum olan Anar Cəlilov müğənni Röya Ayxanın keçmiş əridir.