Ləğv ediımiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində çıxarılmış hökmdən verilən apelyasiya şikayətləri Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Teleqraf.com xəbər verir ki, Elçin Quliyev və Azər Mehdiyevin cinayət işlərinin materialları Bakı Hərbi Məhkəməsindən apelyasiya instansiyasına göndərilib.
Şikayət artıq Bakı Apelyasiya Məhkəməsinin dəftərxanasına daxil olub. Yaxın günlərdə iş araşdırılması üçün hakim icraatına veriləcək.
Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib.
Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Elçin Quliyev və Azər Mehdiyevin şikayəti ötən həftənin cümə günü Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O bildirib ki, Bakı Hərbi Məhkəməsinin hökümdən verdiyi apelyasiya şikayətində ona dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını istəyir.
Maqsud Mahmudov qeyd edib ki, Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb: “Həmin iddiamın təmin olunmaması qanunsuzdur”.
İş adamı qeyd edib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərə həddindən artıq yüngül cəza təyin edilib. O, həm Elçin Quliyevin, həm də Azər Mehdiyevin cəzasının ağırlaşdırılmasını istəyib.
Cinayət işində adı keçən digər zərərçəkmişlər isə apelyasiya şikayəti verməyiblər.
İttihama görə, Elçin Quliyev və Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəliblər, onlardan külli miqdarda pul alıblar.
İstintaq sənədlərinə görə, Elçin Quliyev və digər şəxslər MTN polkovniki Malik Mustafayevi intihar həddinə çatdırıblar. Malik Mustafayev xidməti vəzifəsi başında intihar edib. Onun qardaşı Mətləb Mustafayev MTN tərəfindən şərlənərək həbs edilib. Bundan sonra şantaj olunan Malik Mustafayev özünü öldürüb.
Cinayət işi üzrə ümumilikdə 18 nəfər zərərçəkmiş var. Elçin Quliyev və Azər Mehdiyev ittihamlarla razılaşmır. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.
Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.
Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəis müvaini, polkovnik İlqar Əliyev 2015-ci ilin oktyabrənda həbs edilib, həmin ilin dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib.
Bundan sonra İlqar Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb.
İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev məsuliyyətə cəlb edilib.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən İlqar Əliyevin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması ilə bağlı məhkəmə qərarı qüvvədə saxlanılıb.
Bundan başqa, hökmdə MTN-in Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik-leytenat Rafiq Səfərovun əmlakı ilə bağlı qərar açıqlanıb. Onun mülkü üzərinə həbs qoyulması barədə məhkəmə qərarı qüvvədə saxlanılıb.
Rafiq Səfərovun Mərdəkan qəsəbəsində yerləşən mülkünün dəyəri 250 min manatdır. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə şahid qismində dindirilib.
Hazırda Rafiq Səfərovun barəsində cinayət işi Ağır Cinayətlərə Dair İşlət üzrə İstintaq İdarəsində araşdırılır. O, sahibkar Sahib Qurbanovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə suçlanır.
Rafiq Səfərovun barəsində cinayət işi açılsa da, o həbs edilməyib.
Elçin Quliyev və digərlərinin ittiham olunduqları cinayətlərə görə dəymiş maddi ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulub.
General Elçin Quliyevə məxsus 90 TT 757 nömrəli “Mercedes BENZ GL 500” (105 min manat), 90 HH 757 nömrəli “Mercedes BENZ C200” (64 min manat), Mərdəkan qəsəbəsində bağ sahəsi (172 min manat), Ceyranbatan qəsəbəsində torpaq sahəsi (27 min 500 manat), Nabranda torpaq sahəsi (12 min manat) olan əmlakların üzərinə həbs qoyulub.
İntihar edən polkovnik İlqar Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (180 min manat), N.Nərimanov prospektində obyekt (418 min manat), Nabranda 6 sot torpaq (12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (114 min manat), Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (7200 manat) olan əmlakaların üzərinə həbs qoyulub.
Elçin Quliyevin adına olan iki avtomobil hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Maddi-təchizat idarəsində saxlanılır.
Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi isə general Elçin Quliyev cavabdeh olaraq tanınıb.