Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Sveta Qarayeva ifadə verib.
O bildirib ki, həyat yoldaşı Bayram İsmayılov cinayət işi üzrə zərərməkmiş qismində tanınıb: “Həyat yoldaşım taksi sürücüsü idi, rəhmətə gedib. Gündüz Hüseynov ərimdən 33 min manat alıb. O, ərimə ev alacağı vədi vermişdi. Amma vədinə əməl etmədi”.
Şahid qeyd edib ki, Gündüz Hüseynov onun mərhum həyat yoldaşına saxta jurnalist vəsiqəsi verib: “O, pulu yoldaşımdan alanda bildirdi ki, jurnalistlərə tikilən binadan bizə ev alacaq. Jurnalistlərə ev veriləndə bildik ki, Gündüz bizi aldadıb. Siyahıda adımızı görməyəndə ona zəng etdik. Daha ona zəng çatmadı”.
Digər şahid Xalidə İsmayılova bildirib ki, “Zaman Press” qəzetində çalışıb, qəzetin rəhbəri Gündüz Hüseynova ona əməkhaqqı kimi 41500 manat verib: “Qəzetdə 6 ay çalışdım. Rəhmətlik anamın adından qəzetə yazılar verirdim. Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov mənə jurnalistlərə verilən mənzildən ev alacağı vədi verdi. Ona 42 min manat pul da verdim, amma sözünə əməl etmədi”.
Xalidə İsmayılova eyni zamanda müğənni kimi fəaliyyət göstərdiyini də deyib.
Şahidin ifadəsi ilə bağlı Gündüz Hüseynova sual verilib, lakin o, cavab vermək istəməyib.
Daha sonra Gündüz Hüseynov qadının pullarını Xəyyam İsmayılova verdiyini deyib: “Məni KİV-in Həmkərlar İttifaqı “İlin adamı” və “İlin jurnalisti” seçib. Xalidə xanım başsız qadındır, onun iki körpəsi var. Onun ifadəsinə yalnız Xəyyam məhkəmədə dindiriləndən sonra cavab verəcəm. Xalidə mənə pul verməyib”.
Növbəti proses fevralın 20-də davam edəcək.
İttihama görə, Gündüz Hüseynov öz içilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu almaqda ittiham olunur.
Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.
“Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.