14 Fevral 2018 12:41
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə BestComp Group MMC-nin nümayəndəsi mülki iddia qaldırdığını deyib.

Şirkət təqsirləndirilən Rəşad Babayevdən 33 min 440 manat tutulmasını istəyib.

Rəşad Babayev mülki iddia ilə razı olmadığını söyləyib.

Daha sonra məhkəmə istintaqı başlayıb və prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini günahkar bilməyiblər.

Hazırda məhkəmə iclası davam edir.

***

Prosesdə zərərçəkmiş qismində Habil Hənifəyev ifadə verib.

O qeyd edib ki, Rəşad Babayevi tanıyıb, digər təqsirləndirilən Elnur Hüseynovu isə onun yanında görüb. Zərərçəkmişin sözlərinə görə, 2014-cü ildə Rəşad Babayev ona şirkətlərə komputerlərin satışı ilə məşğul olmaq üçün biznes qurmaq lazım olduğunu deyib.

Zərərçəkmiş bildirib ki, Rəşad Babayev bu alqı-satqı üçün pul tələb olunduğunu da bildirib: “Dedi ki, alqı-satıqını həyata keçirmək üçün ortalığa pul qoy, gəlirdən 3 faiz sənindir”.

Habil Hənifəyev qeyd edib ki, Rəşad Babayevə komputer biznesi ilə bağlı 53 min 500 manat pul verib: “Həmin puldan 13 min 500 manat pul qaytardı. Bu da biznesdən gələn gəlirdi. Onda 40 min manat pulum qalıb. Rəşad Babayev Müdafiə Nazirliyində çalışan Qorxmaz Qarayevin adından istifadə edirdi. Bu işlə bağlı Rəşadla telefonda yazışmalarımız da olub”.

Digər zərərçəkmiş Aqil Məmmədov bildirib ki, qohumu Habil Hənifəyev ona kompüter biznesi ilə məşğul olduğunu deyib. 2015-ci ildə Habil Hənifəyevlə Rəşad Babayevi bir yerdə görüb: “Habil biznesdən danışdı. Bu bzinesə qoşulmaq üçün Rəşada ümumilikdə 70 min 550 manat verdim”.

Bu zaman zərərçəkmiş Namiq Hüseynov yerindən danışıb. Buna görə hakim ona xəbərdarlıq edib.

Daha sonra ifadə verən Namiq Hüseynov bildirib ki, təqsirləndirilən Rəşad Babayevə 54 min 500 manat pul verib: “Ona pulları kompüterlərin alqı-satqısını həyata keçirmək məqsədilə biznes qurulması üçün vermişəm. Pulumun bir qismi qaytarılıb. Rəşad Babayevdə 39 min 500 manatım qalıb. Həmin pulumu da qaytarmasını tələb edirəm”.

Namiq Hüseynov istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Növbəti proses fevralın 21-də davam edəcək.

Qeyd edək ki, zərərçəkmiş Namiq Hüseynov (Aşıq Namiq) təqsirləndirilən şəxsə qarşı 54 min 500 manat məbləğində mülki iddia qaldırıb.

İttihama görə, Nərimanov rayonu ərazisində yerləşən “BestComp Group” firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıb.

Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər. Təqsirləndirilən şəxslər həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər.

Bundan başqa hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54500 manat və Habil Hənifəyevin 53500 manat pulunu dədələduzluq yolu ilə mənimsəyiblər.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov