12 Mart 2018 11:30
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Saleh Şəmilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqrafşcom xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə 2017-ci il yanvarın 13-də Bərdə-Yevlax magistral yolunda baş verib. Yevlax rayonunun Hacımahmudlu kənd sakini, 1976-cı il təvəllüdlü Saleh Şəmilovun idarə etdiyi “VAZ 2107” markalı minik maşını qarşıdan gələn “Mersedes” markalı avtomobillə toqquşub.

Nəticədə Saleh Şəmilov və onun 2001-ci il təvəllüdlü qızı Nərminə Şəmilova ağır xəsarətlər alıb. Sürücünün 2000-ci il təvəllüdlü oğlu Elvin Şəmilov isə dünyasını dəyişib.

Qəza zamanı “Mersedes” markalı avtomobildə olan 1946-cı il təvəllüdlü Qənimət Məhərrəmov, 1966-cı il təvəllüdlü Mürşüd Əmrahov və Rəhilə Alıyeva da ağır xəsarətlər alıb.

Xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rəhilə Alıyeva xəstəxanada ölüb. O, sürücü Saleh Şəmilovun bacısıdır.

İstintaq araşdırması zamanı məlum olub ki, Saleh Şəmilov sürət həddini aşıb və bu səbəbdən dəhşətli yol qəzası baş verib.

İstintaq orqanı tərəfindən Saleh Şəmilova qarşı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən sürücü özünü təqsirli bilib. Növbəti proses martın 29-na təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər