13 Mart 2018 13:25
1 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda qətl törətməkdə təqsirli bilinən 1980-ci il təvəllüdlü Maarif Alxasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Maarif Alxasov 17 avqust 2017-ci il tarixdə gecə Quba rayonunun Cimi kəndində Ozal Pənahovun toy məclisində həmkəndlisi Vətən Əhmədovla mübahisə edib.

Mübahisə zamanı Vətən Əhmədov təhqiredici ifadələr işlədib.

Onlar toy məclisindən kənarda, evin qarşısındakı küçədə yenidən mübahisə ediblər. Maarif Alxasov Vətən Əhmədovla əlbəyaxa olub. Onları digər həmkəndliləri – Şahməmməd Babayev və Fəxrəddin Əhmədov sakitləşdirib.

Daha sonra Maarif Vətən Əhmədovun ona zəng edəcəyini güman edib, mübahisədən yayınmaq məqsədilə mobil telefonunu söndürüb və yaşadığı evə gedib.

Avqustun 18-də, saat 2 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Vətən Əhmədov Maarif Alxasovun yaşadığı evin həyətinə gəlib. Ev yiyəsini küçəyə çağırıb və onu yenidən nalayiq ifadələrlə təhqir edib, qəfildən sifət nahiyəsindən kəllə ilə vurub.

Daha sonra Vətən Əhmədov küçəyə tərəf gedərək Maarifin ünvanına nalayiq ifadələr işlətməkdə davam edib. O, Maarifi söhbət etmək üçün yenidən küçəyə çağırıb.

Maarif Alxasov qisas almaq niyyəti ilə Vətən Əhmədovu öldürmək qərarına gəlib. Həyətlərindəki yardımçı otaqdan balta götürərək onun arxasınca gedib. Vətən Əhmədov nalayiq ifadələrini davam etdirib. Maarif Alxasov əlindəki balta ilə onun baş nahiyəsindən iki zərbə vurub.

Vətən Əhmədov aldığı zərbə ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Maarif Alxasova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maarif Alxasov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maarif Alxasovun vəkili Şöhrət Allahmanov apelyasiya şikayəti verib.

Vəkil şikayətində birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini istəyib. O, Maarif Alxasov barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq ediməsini, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddən aşağı cəza təyin edilməsini xahiş edib.

Müdafiəçinin fikrincə, məhkəmə məhkuma cəza təyin edərkən iş üzrə cəzanı yüngülləşdirən halları kifayət qədər nəzər almayıb və cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri nəticəsində baş verməsinə diqqət yetirməyib.

Maarif Alxasovun barəsində hökmdən verilən şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Apelyasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər