11:16
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Şücayət Əkbərovun məhkəmə tərkibinə etiraz verdiyi məlum olub. O bu tərkibdə hakimlərin işə obyektiv baxmadığını göstərib. Qeyd edib ki, hakimlər onun vəkillərinin əsaslı vəsatətətlərini təmin etmir:
"Məhkəmənin hakimləri Əfqan Hacıyev və Ənvər Seyidovun Arif Alışanovla yaxın münasibəti var. Belə olan halda bu tərkibdə işimə baxıla bilməz".
Hazırda proses davam edir.
***
12:09
Daha sonra Şücayət Əkbərovun məhkəmə tərkibinə verdiyi vəsatət müzakirə edilib.
Vəkillər arasında etirazla bağlı mübahisə yaranıb. Vəkil Nüşabə Ağayeva deyib ki, hakim tərkibinə verilən etiraz əsaslı deyil: "Çünki hakim Ənvər Seyidov bu tərkibdə deyil. Etiraz təmin edilməməlidir".
Şücayət Əkbərovun vəkili Bəxtiyar Hacıyev də hakim tərkibinə etiraz verib. O bildirib ki, məhkəmənin hazırlıq iclasında işin prokurorluğa qaytarılması barədə vəsatət versələr də, hakimlər onu təmin etməyiblər.
Vəkil hakimlər - Əfqan Hacıyev, Fikrət Qəribov və Rasim Sadıqovun işə baxmasına etiraz verib.
Şücayət Əkbərovun digər vəkili də etiraza qoşulub. O, etirazını belə əsaslandırıb ki, ötən iclasda zərərçəkmiş Arif Alışanovun məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatət versələr də, vəsatət haqsız yerə təmin ediıməyib. Vəkil qeyd edib ki, müdafiə etdikləri Şücayət Əkbərovun xəstə olması ilə bağlı təkrar tibbi ekspertiza təyin edilməsini də istəyirlər:
"Lakin bu vəsatətlər də qəbul edilmədi. Qərarda bildirildi ki, Şücayət Əkbərov xəstə deyil, o, məhkəməyə gəlib-gedə bilər".
Vəkil etiraza baxılması üçün onun Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini istəyib.
Zərərçəkmişlərin nümayəndələri etirazı əsassız hesab ediblər. Onlar etirazın baxılmamış saxlanılmasını istəyiblər. Nümayəndələrdən biri qeyd edib ki, Arif Alışanovun hakimlə dost olması barədə fakt təqdim olunmayıb.
Şücayət Əkbərov isə etirazın təmin edilməsini istəyib. Digər təqsirləndirilən şəxslər də etirazla razı olduqlarını deyiblər.
Prokuror Fərid Nağıyev bildirib ki, hakimlərdən birinin zərərçəkmişlə münasibəti barədə hər hansı şübhə yoxdur, müdafiə tərəfi vəsatəti əsaslandırmayıb. Prokuror etirazın baxılmamış saxlanılmasını istəyib.
Hakimlər məhkəmə tərkibinə verilən etirazların baxılmamış saxlanılması barədə qərar qəbul ediblər.
Daha sonra vəkil Bəxtiyar Hacıyev müvəkkili Şücayət Əkbərovun cinayət işi ilə tanış olması üçün məhkəmə iclasının təxirə salınmasını istəyib. Bildirib ki, müvəkkili latın qrafikasında oxuya bilmir, bu səbəbdən işlə tanış olması təmin edilməyib.
Şücayət Əkbrov da işlə tanış olmaq üçün vaxt istəyib. Prokuror prosesin təzirə salınmasına etiraz edib. Yerində müşavirə keçirən hakimlər məhkəmənin təxirə salınmasına əsas görməyiblər.
Şücayət Əkbərovun vəkili Arif Alışanovun və yaxınlarının adına alınmış torpaqların alqı-satqısı ilə bağlı 2013-2017-ci illər ərzində Şamaxı notariatına sorğu verilməsini istəyib.
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Vəkil daha sonra Arif Alışanovun 2013 və 2016-ci illərdə maaşının məbləği alması barədə maliyyə arayışının alınması üçün müvafiq orqana sorğu göndərilməsini istəyib:
"Çünki biz fikirləşirik ki, Arif Alışanovun bu qədər pulu olmayıb. AzTV ona ayda 200 min manat maaş verir? Onun pulu hardan əldə etdiyi məlum olmalıdır" .
Təqsirləndirilən Zöhrab Şirinovun vəkili Nüşabə Ağayeva vəsatəti əsassız hesab edib. Bildirib ki, bunlar işin uzadılmasına səbəb olur. Zərərçəkmişin nümayəndələri isə onu absurd sayıblar. Vəsatət təmin edilməyib.
***
Daha sonra Şücayət Əkbərov sualları cavablandırıb.
O bildirib ki, Arif Alışanovdan pul almayıb: "Arif Alışanov mənə pul verməyib. Pulu Hacıya verib, alqı-satqını da o görüb. Mən torpaq sahibləri ilə danışıqlar aparmışam, onları görüşdürmüşəm. Yazıblar ki, Arif Alışanov mənə 37 dəfə pul verib. O mənə heç vaxt pul verməyib. Pulu alan Hacı, satılanı satan Hacıdır. Alışanov Şamaxı rayonunda Hacının iştirakı ilə 250-300 hektar torpaq sahəsi alıb".
Arif Alışanovun nümayəndələri Şücayət Əkbərova onun gəzdiyi qadınlarla bağlı suallar verib. Şücayət Əkbərov Solmaz adlı qadını tanıdığını, həmin qadınlarla yaxın münasibətdə olduğunu deyib.
Prosesdə Şücayət Əkbərovla Arif Alışanovun nümayəndəsi arasında mübahisə olub. Şücayət Əkbərov deyib ki, Arif Alışanov gəlsin, onunla danışım: "Onun nümayəndələrinin sualıarına cavab vermirəm. Arif Alışanov bura gəlsin, sözümü üzünə deyim".
Növbəti proses martın 16-da davam edəcək.
İttihama görə, Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə mütəşəkkil dəstə yaradıb. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.
Sücayət Əkbərov yaxın münasibətlərdə olduğu Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə Arif Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib.
Bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib. 2016-cı ilin dekabrn 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Arif Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməyi sifariş verib.
Lakin dəstə üzvləri məlum olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyiblər.
Bundan başqa, Şücayət Əkbərov 2016-cı ilin dekabrında Arif Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Qocalı Cəbiyevə yenidən tapşırıq verib. Qoçalı Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Zöhrab Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.
Bir qədər sonra Arif Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd-Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.
Qoçalı Cəbiyev telefonla Zöhrab Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, Arif Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.
Lakin Arif Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Şücayət Əkbərov bu barədə dəstə üzvləri Qocalı Cəbiyev və Zöhrab Şirinovu xəbərdan etməyə imkan tapmayıb.
Sücayət Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Zöhrab Şirinova verib.
Təqsirləndirilən şəxs 2016-ci ilin yanvarın 11-də növbəti dəfə Arif Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.
Lakin yenə planları baş tutmayıb.