Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən qızıl zinət əşyaları və mobil telefon oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə Astara şəhər sakini R. Heydərov yaşadığı evdən “Samsung” markalı mobil telefonun oğurlanması ilə bağlı polis şöbəsinə müraciət edib.
Aparılan araşdırmalarla oğurluğu törədən şəxsin əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Elçin Hüseynov olduğu müəyyən edilib.
O saxlanılaraq Astara rayon polis şöbəsinə gətirilib.
Polis şöbəsində onun üzərinə keçirilən baxış zamanı 12 bükümdə ümumi çəkisi 1,5 qram narkotik vasitə olan heroin aşkar edilib.
Elçin Hüseynovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 2 yaşayış evindən oğurluq etdiyi də məlum olub.
Onun rayonun Qamışovka kəndindəki bir evdən 6000 manat dəyərində qızıl zinət əşyaları, Astara şəhəri ərazisindəki digər mənzildən isə bir ədəd qızıl üzük oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.