17 Dekabr 2018 17:42
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçi Azər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Zümrüd Əmrahova ifadə verib.

O bildirib ki, işə düzəlmək üçün bağçanın müdirinə 1500 manat pul verib: “Ancaq məni işə düzəltmədilər. Pulumu geri tələb edirəm”.

Digər şahid Səbinə Həsənova təqsirləndirilən Aləmzar Əliyevaya 1500 manat verdiyini qeyd edib.

Nailə Əsgərova isə deyib ki, borc alıb, Tərlan Bağırovaya 2 min manat pul verib: “Ərim xəstədir, pulu bu şəraitdə borc alıb vermişəm. Xahiş edirəm, mənə kömək edin, pulumu versinlər”.

Zalda olan digər şahidlər təqsirləndirilən şəxslərə etiraz ediblər. Onların sözlərinə görə, bağça rəhbərliyi yığılan pulların Təhsil Nazirliyində vəzifəli şəxsə çatacağını deyib.

Təqsirləndirilən Aləmzər Əliyeva isə deyilənlənləri təkzib edib: “Bu işdə başqa adam yoxdu. Pulu biz almışıq, qaytaracağıq. Başqa adamı şərləmək olmaz”.

Növbəti proses dekabrın 24-də davam edəcək.

İttihama görə, Yasamal rayonu, Əhməd Cəmil küçəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyev rüşvət almaqda, dələduzluq etməkdə təqsirli bilinirlər.


Müəllif: Hacı Zeynalov