16 Yanvar 2019 16:16
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Xəyal Məmmədovun himayəsində 2 azyaşlı uşaq var.

Daha sonra Xəyal Məmmədovun vəkilləri - Əli Hüseynov, Eldəniz Quliyev və Elnur Quliyev çıxış ediblər. Onlar Xəyal Məmmədovun günahsız olduğunu deyiblər.

Məhkəmə baxışı yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub.

O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.


Müəllif: Hacı Zeynalov