29 Yanvar 2019 16:56
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Bankın külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Beynəlxalq Bankın İdarə heyətinin sədri vəzifəsində çalışmış Emil Mustafayev ifadə verib.

Rauf Allahverdiyevə 15 milyon manat kredit ayrılması epizodu üzrə dindirilən Emil Mustafayev qeyd edib ki, hazırda bankda zəmanət kimi təqdim edilən obyektlərin satılmasında problem var.

Onun sözlərinə görə, Rauf Allahverdiyevin götürdüyü kreditin müqabilində banka zəmanət kimi göstərdiyi obyektlərin sənədləri saxtalaşdırılıb.

Buna görə də obyektin satılaraq borca yönləndirilməsi mümkün deyil.

Emil Mustafayev qeyd edib ki, həmçinin obyektlərin başqa sahibləri olduğu üçün onlar da Moskvada məhkəməyə müraciət ediblər.

Rauf Allahverdiyev qeyd edilən məsələləri 3 ay ərzində həll edib, banka olan borcunu tam olaraq bağlaya biləcəyini deyib. Təqsirləndirilən şəxs buna görə azadlığa çıxmaq istəyir.

Növbəti proses fevralın 1-də davam edəcək.

İttihama görə, iş adamı Rauf Allahverdiyev Azərbaycan Beynəlxalq Bankının Moskva filialından 15 milyon manat kredit götürüb. Lakin krediti qaytarmayıb.

Məlum olub ki, Rauf Allahverdiyev Rusiya Federasiyasında “Roma S Kompaniya A” şirkətini təsis edib. Bundan sonra o, şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb.

Rauf Allahverdiyev adını dəyişərək, özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və sair olmaqla, ümumilikdə 15 milyon manat pulu mənimsəyib.

Götürülən pullar Rauf Allahverdiyevin təsis etdiyi “Roma S Kompaniya A” şirkətinin hesabına köçürülüb.

Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə istintaqdan gizlənmək məqsədi ilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. Həsən Quliyevin adına rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb.

Lakin Rauf Allahverdiyev Qusar rayonunda yerləşən “Samur” Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.

Rauf Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər