1 Fevral 2019 17:52
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Ehtiram Məcidovun vəkili vəsatətlə çıxış edib. O, cinayət işini araşdıran təhqiqatçının ifadəsinin sübutlar siyahısından çıxarılması və hadisə yerində olan əsas şahidin əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib.

Ehtiram Məcidov ona verilən ittihamla razı olmadığını deyib. O, işin yenidən istintaqa qaytarılmasını istəyib.

Məhkəmə Ehtiram Məcidovun vəsatətini təmin etməyib. Onun vəkilinin vəsatətləri isə məhkəmənin hazırkı mərhələsində baxılmamış saxlanılıb.

Növbəti proses fevralın 12-də davam edəcək.

İttihama görə, Ehtiram Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilib.

Ehtiram Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq sənədlərinə görə, Ehtiram Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahından bir övladı olub. Uşaq ananın himayəsinə verilib.

2017-ci ildə isə Müqəddə Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib.

Bununla bağlı Ehtiram Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri olub.

Son dövrdə isə Ehtiram Məcidov övladı ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib.

İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib. İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqla görüşməsi ilə bağlı mübahisə ediblər.

Ehtiram Məcidovun keçmiş qayınatası Bəhruz Dilbazini döyüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər