16 Fevral 2019 12:02
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşının qeyri-qanuni yolla ölkə ərazisinə qızıl məmulatları gətirməsi barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Gömrük nəzarətindən keçərkən şifahi sorğu-sual edilən həmin vətəndaşlar üzərlərində gömrük nəzarətinə bəyan olunası və gizlədilən heç bir əşyanın olmadığını bildiriblər.

Şəxsi yoxlama keçirilməzdən əvvəl xanım sərnişinlərə gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan qızıl-zinət əşyalarının təqdim olunması təklif edilib. Bundan sonra xanım sərnişinlərdən biri üzərində olan 2 ədəd qızıl qolbağını, 1 ədəd qızıl üzük-sırğa dəstini, digər xanım sərnişin isə qulaqlarındakı 1 cüt qızıl sırğanı, barmağındakı 1 ədəd qızıl üzüyü, sağ qolundakı 2 ədəd qızıl qolbağını, sol qolundakı 1 ədəd qızıl qolbağını, boynundakı 1 ədəd qızıl kulonlu boyunbağını çıxarıb təqdim ediblər və hamısını Türkiyədən təzə aldıqlarını bildiriblər.

Sonra onların hər ikisinin üzərində şəxsi yoxlama aparılıb. Nəticədə bir sərnişinin ayağındakı corabların içərisində gömrük nəzarətindən gizlətdiyi 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük-sırğa dəsti, başındakı saç sancağının içində 3 cüt qızıl sırğa, 3 ədəd qızıl üzük, 2 ədəd qızıl üzük-sırğa-kulon dəsti, 1 ədəd qızıl üzük-sırğa dəsti, 1 ədəd qızıl sırğa-boyunbağı dəsti, digər sərnişinin əl çantasında isə 1 ədəd qızıl sırğa-üzük dəsti və 1 ədəd qızıl kulon aşkarlanıb.

Aşkar olunan zərgərlik məmulatlarının ümumi çəkisinin 272 qram olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər