22 Fevral 2019 11:58
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 28-nə təyin edilib.

İttihama görə, Zakir Məmmədov Qaradağ rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin vaxt həbsdə olan Elvar Xəlilov ona zəng edib.

Elvar Xəlilov Zakir Məmmədovdan xahiş edib ki, həyat yoldaşından 4 min manat pulu götürərək Səbail rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova versin.

Zakir Məmmədov onun xahişini yerinə yetirib.

Bir müddət keçəndən sonra Vüqar Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb.

Daha sonra ölkədən qaçıb.

Elvar Xəlilov həbsdən çıxandan sonra Zakir Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Onun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb.

Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Elvar Xəlilov iş üzrə şahid qismində tanınır.

Xatırladaq ki, Elvar Xəlilov dələduzluqda təqsirləndirilən Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Elnur Babayevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınır.

Həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sərədrliyi ilə araşdırılır.

Bu iş üzrə iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimov da zərərçəkmiş qismində tanınır.

Elnur Babayev Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb.

Həmin pulun qarşılığında isə o, Akif Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.

Qeyd edək ki, 2017-ci ilin noyabr ayında iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun 17 yaşlı oğlu Rəhim Rəhimov şəhid qızı Könül Əkbərovanı idarə etdiyi 90 FO 007 nömrəsi “Jeep Grand Cherokee” markalı avtomobillə vurub öldürüb.

Qəzadan sonra Rəhim Rəhimov 1 ay azadlıqda qalıb, onun yerinə isə ailənin sürücüsü Əmrulla Şahbazov cinayəti boynuna götürüb.

Daha sonra şəhidin ailəsi məsələni ictimailəşdirdiyi üçün cinayət işi Səbail rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasovdan alınıb və o, vəzifəsindən qovulub.

İstintaq sənədlərinə görə, Vüqar Abbasovun qeyri-rəsmi köməkçisi Elnur Babayev dələduzluq və rüşvət almaqda təqsirli bilinib.

Məlum olub ki, iş adamı Akif Rəhimov sürücülük vəsiqəsi olmadan maşın idarə edən oğlunu həbsdən yayındırmaq üçün şəhid qızı, mərhum Könül Əkbərovanın sərxoş olması barədə saxta ekspertiza rəyi almaq istəyib və ona bu vədi verən Elnur Babayevə 52 min 500 manat verib.

Elnur Babayev ekspertiza rəyi üçün 10 min manat, müstəntiq Vüqar Abbasov vasitəsilə işi həll etmək, saxta şahidlər tapmaq və Rəhim Rəhimov yox, sürücü Əmrulla Şahbazovun təqsirləndirilən şəxs kimi tanınması üçün Akif Rəhimovdan 42 min 500 manat alıb.

Rəsmi məlumata görə, Vüqar Abbasovun ölkədən qaçıb. Onun barəsində axtarış elan edilib.

Lakin işin ictimailəşməsi və nəzarətin güclənməsi Elnur Babayevin vədlərini yerinə yetirməyə imkan verməyib.

Elnur Babayev pulu Akif Rəhimovun qardaşı Məmməd Rəhimova məxsus “Yeganə” şadlıq sarayında alıb.

Rəhim Rəhimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilsə də, cəmi 9 ay həbsdə qaldıqdan sonra məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməklə azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər