Sumqayıtda xüsusi amansızlıqla qətl törətməkdə və quldurluqda təqsirli bilinən Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin olunmayıb. Onlar cəzalarının yüngülləşdirilməsini istəyirdilər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Bağırzadə 19 il, Murad Eyvazov 18 il, Əkbər İsgəndərov, Kamran Qurbanovun isə hər biri 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il sentyabrın 24-də Füzuli rayon sakini Amal Nadirli Sumqayıt şəhərində bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İskəndərov həbs ediliblər.
Təqsirlındirilən şəxslər şəxslər soyğunçuluq məqsədilə əlbir olaraq Saray qəsəbəsində yerləşən Topaz bukmeker kontorunda işləyən Amal Nadirli ilə bağlı cinayət əlaqəsinə giriblər.
Onlar Amal nadirliyə hücum edərək üstündəki pulları ələ keçirmək məqsədilə onu güdmək qərarına gəliblər.
Sentyabrın 24-də Kamran Qurbanov mobil telefon vasitəsilə dəstənin digər üzvlərinə zəng edərək Amal Nadirlinin obyektdən çıxdığını, taksi ilə getdiyini deyib. Daha sonra dəstənin digər üzvləri Çingiz Babayevin avtomobili ilə onu təqib ediblər.
Sumqayıtda Nadirli taksidən düşərək avtobusa minib. Onu izləyən şəxslər növbə ilə müxtəlif dayanacaqlarda həmin avtobusa miniblər. Amal Nadirli avtobusdan düşərək, bir qədər piyada gedəndən sonra quldurlar ona hücum edib, onu döyüb, ciblərini soyublar.
Onlar Amal Nadirlinin üzərində olan cəmi 550 manatı götürərək, hadisə yerindən qaçıblar.
Amal Nadirli xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək olmayıb.