REAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmdən verilən kasasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərarı elan olunub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin İlqar Məmmədov barəsində çıxardığı qərar dəyişdirilib və onun şərti cəzası ləğv edilib.
Qərara görə, İlqar Məmmədovun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət də çəkilmiş hesab olunub.
Qeyd edək ki, İlqar Məmmədov və Müsavat Partiyası başqanının keçmiş müavini Tofiq Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ali Məhkəmənin Plenumunda İlqar Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
İlqar Məmmədovun barəsində kasasiya və apelyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib və apelyasiya instansiya məhkəməsinə göndərilib.
Şəki Apelyasiya Məhkəməsinin qərarına görə, İlqar Məmmədov cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəz edilib və o, azadlığa buraxılıb.
Daha sonra İlqar Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Xatırladaq ki, Tofiq Yaqublu Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv olunub.