9 Aprel 2019 14:58
2 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda əxlaqsızlıq yuvası təşkil etdiyi üçün bacısını öldürməyə cəhd edən Kürdəmir rayon sakini, 1980-ci il təvəllüdlü Adil Xancanovun (cinayət işində ad və soyadlar şərti verilib – red.) məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Adil Xancanov Suraxanı rayonu, Bülbülə qəsəbəsində evlərdən birində olarkən bacısı Lamiyənin noutbukuna baxıb. O, noutbukda bacısının Feysbuk səhifəsinin açıq olduğunu görüb.

Sosial şəbəkədə bacısının başqa kişilərlə intim mövzularda yazışdığını, qısa yubkada olan şəkillərini kişilərə göndərdiyinin şahidi olub. Bundan sonra Adil atası Pərvizə və anası Gülarəyə həmin yazışmaları, şəkilləri göstərib. Atasının xahişi ilə bir müddət bununla bağlı bacısına heç nə etməyib.

Bu söhbətdən bir neçə gün sonra axşam işdən evə gələn Adilı bacısının yüngül həyat tərzi keçirdiyini düşünüb, ondan qisas almaq məqsədi ilə bacısını öldürmək qərarına gəlib.

Bu məqsədlə mətbəxdən bıçaq götürərək yataq otağına gedib.

Həmin vaxt Adil otaqda olan anası Gülarə və böyük bacısı Samirəyə Lamiyə ilə söhbət edəcəyini bildirib. Onlardan otağı tərk etmələrini xahiş edib. Anası və böyük bacısı oradan çıxdıqdan sonra Adil qapını arxadan bağlayıb.

Belində gizlətdiyi bıçağı çıxarıb və Lamiyəyə çoxsaylı zərbələr vurub.

Səs-küyü eşidən atası Pərviz, anası və böyük bacısı otağa giriblər. Onlar Adilin hərəkətlərinin qarşısını almaq istəsələr də, gözü qanla dolan qatil niyyətini başa çatdırmaq üçün yenə də bıçaq zərbələrini vurmaqda davam edib.

Ailə üzvləri Lamiyəni xəstəxanaya çatdırıblar. Vaxtında tibbi yardım göstərildiyi üçün Lamiyənin həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Adil Xancanovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adil Xancanov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Adil Xancanov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsüf edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Adil Xancanovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Qərara görə, apelyasiya şikayəti təmin olunmayıb.

Bundan narazı qalan Adil Xancanov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Adil Xancanovun kasasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər