1 May 2019 12:14
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra elan olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti iş üzrə mülki iddiaçı kimi tanınır. Zərərçəkmişlərdən "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun məhkəməyə gəlmədiyi qeyd olunub.

Digər iki zərərçəkmiş, hazırda həbsdə olan Zaur Əzimov və iş adamı Sahib Qurbanov məhkəmədə mülki iddia qaldırıb.

Zaur Əzimov ümumilikdə 320 min, Sahib Qurbanov isə 100 min manat məbləğində mülki iddianı məhkəməyə təqdim ediblər.

Məhkəmə mülki iddiaları icraata götürüb.

Daha sonra təqsirləndirilən Vüqar Mahmudovun vəkili vəsatət qaldırıb.

O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Vəkil həmçinin bildirib ki, Vüqar Mahmudovun üzərinə həbs qoyulmuş bir çox əmlakları onun özünə aid deyil.

Vəkil mülklərlə bağlı həmin hissənin araşdırılmasını istəyib.

Məhkəmə həbs qətimkan tədbiri ilə bağlı qaldırılmış vəsatəti təmin etməyib, əmlakla bağlı vəsatət isə baxılmamış saxlanılıb.

Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

Vüqar Mahmudovun barəsində 2017-ci ilin noyabrın da həbs edilib.

Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğludur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər