8 May 2019 17:18
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində namus üstündə arvadını öldürməkdə təqsirli bilinən Yaqub Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tam sübuta yetirildiyini göstərib.

Prokuror çıxışının sonunda Yaqub Ağayevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Növbəti proses mayın 15-də davam edəcək.

İttihama görə, ötən il dekabrın 5-də Sumqayıt şəhərinin 11-ci mikrorayonunun ərazisində şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Ağayeva ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.

Qadının bədənində 40-a yaxın bıçaq xəsarəti aşkar edilib. Yetirilən xəsarətlərin çoxu qadının boğaz və baş nahiyyələrində aşkar olunub.

Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Yaqub Ağayev saxlanılıb.

İstintaqın versiyasına görə, kişi həyat yoldaşını qısqanclıq zəminində, ailəsinin “şərəf və ləyaqətini qorumaq” məqsədilə öldürüb.

İstintaq orqanı tərəfindən Yaqub Ağayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər