20 İyun 2019 11:31
3 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən yaşayış kompleksində 15 yaşlı oğlanın ölümü ilə nəticələnən dəhşətli hadisənin bəzi təfərrüatları üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi bina 2, 40-cı blok, mənzil 74-dən yıxılaraq ölən 2004-cü il təvəllüdlü Kənan Musayevin həmin mənzildə yaşamadığı üzə çıxıb.

Bildirilir ki, gecə saat 12 radələrində 15 yaşlı oğlan yerə çırpılandan sonra ətrafına insanlar yığılıb və təcili yardıma xəbər verilib. Ondan harada yaşadığı soruşulanda Kənan Nizami rayonu 8-ci kilometr qəsəbəsində - “Diqlas” ticarət mərkəzinin yaxınlığında yaşadığını deyib.

Araşdırma zamanı məlum olub ki, 15 yaşlı oğlanın yıxıldığı mənzildə iki gənc qadın kirayə qalır. Bina sakinləri həmin qadınlardan birinin əlaqə nömrəsini tapıb zəng etdikdə, o, övladının səhhəti ilə bağlı rayona getdiyini deyib.

Qeyd edək ki, ağır vəziyyətdə xəstəxanaya aparılan Kənan Musayevin həyatını xilas etmək mümkün olmayıb. Çoxsaylı xəsarətləri olan 15 yaşlı oğlan daxili qanaxmadan vəfat edib.

Hazırda hüquq-mühafizə orqanları hadisənin intihar və ya bədbəxt olay olmasını, Kənanın həmin mənzilə hansı səbəbdən gəlməsini və digər sualları araşdırır.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com