4 İyul 2019 14:55
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən sabiq prokuror Fəxrəddin Alıyevin barəsində olan hökmdən kasasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəməyə müraciət edən Fəxrəddin Alıyev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Kasasiya şikayəti hakim Gülzar Rzayevanın icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən Fəxrəddin Alıyev Baş Prokurorluqda idarə prokuroru vəzifəsində çalışıb.

İttiham üzrə verilən cinayət əməlini də məhz vəzifədə olarkən törədib.

Sabiq prokuror Fəxrəddin Alıyev barəsində cinayət işinin başlanmasına əsas səbəb İsmayıllı rayonunun Cülyan kənd sakini Hənifə Hüseynovanın Baş Prokuroluğa müraciət etməsi olub.

Hənifə Hüseynova müraciətində mərhum oğlu Valeh Hüseynovun barəsində bir neçə il əvvəl istintaq edilmiş cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi üçün sabiq prokurorluq əməkdaşı Fəxrəddin Alıyev və Gəray Orucova pul verdiyini deyib.
Hənifə Hüseynovanın şikayətinə görə, Fəxrəddin Alıyev oğlu Valeh Hüseynovdan istintaq orqanlarına vermək adı ilə 51 min manat, məhkəməyə verilməsi adı ilə 10 min manat və zərərçəkmişə verilməsi adı ilə 5 min manat pul alıb.

Hənifə Hüseynovanın bu şikayəti Baş Prokurorluqda araşdırılıb və prokuror barəsində cinayət işi başlanılıb.

Bu iş üzrə zərərçəkmiş şəxs Valeh Hüseynov vəfat etdiyi üçün hüquqi varisi olaraq onun xanımı Kəmalə Hüseynova tanınıb.
Kəmalə Hüseynova ifadəsində bildirib ki, əri Valeh Hüseynov 2007-2014-cü illərdə İsmayıllı Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəxrəddin Alıyevə bəraət verilib.

Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti və prokurorluq isə apelyasiya protesti verib.

Bakı Apelyasiya Məhkəməsi isə şikayətləri təmin etməyib.

Daha sonra həm zərərçəkmiş, həm də prokurorluq Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmənin qərarına əsasən, hökm ləğv edilib, iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, apelyasiya protesti və apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü ləğv olunub.

Yeni çıxarılan hökmə görə, Fəxrəddin Alıyev 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər