Baş prokurorluq ötən il paytaxtda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bəzi kütləvi informasiya vasitələrində 2013-cü il avqustun 30-da paytaxtın Xətai rayonu ərazisində Maksudov Ceyhun Elşən oğlunun qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə istintaqın guya qeyri-obyektiv aparılması, eləcə də təqsirli şəxsin məsuliyyətə cəlb olunmamasına dair informasiyalar dərc edilib.
Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur:
"Göstərilənlərlə bağlı bildiririk ki, C.Maksudovun deşilmiş-kəsilmiş bədən xəsarəti ilə xəstəxanaya daxil olması faktına görə həmin tarixdə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. C.Maksudov 1 sentyabr 2013-cü il tarixdə aldığı xəsarətdən xəstəxanada öldüyündən cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsinə tövsif edilərək ibtidai istintaq Xətai rayon prokurorluğunda davam etdirilib.
Aparılmış istintaqla müəyyən edilib ki, Kinyazlı Kinyaz Böyükağa oğlu avqustun 30-da saat 22 radəldərində Bakı Metropoliteninin Xətai stansiyasının yaxınlığında aralarında yaranmış münaqişə zəminində C.Maqsudova bıçaqla xəsarət yetirib və cinayətin aləti olan bıçağı saxlamaq üçün qohumu Məhərrəmov Yusif Kamil oğluna verib.
İstintaqın gedişində Y.Məhərrəmov ifadələrində C.Maqsudovun guya onun tərəfindən öldürüldüyünü bildirsə də, iş üzrə toplanmış təkzibolunmaz sübutlarla onun qeyri-səmimi ifadələr verdiyi müəyyən edilib.
Cinayət işi üzrə K.Kinyazlıya Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə) maddələri, Y.Məhərrəmova isə həmin Məcəllənin 228.4-cü (Qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxslər K.Kinyazlı və Y.Məhərrəmovun təqsiri şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər dəlillərlə sübuta yetirilmiş və cinayət işi üzrə istintaq tamamlanaraq 27 iyul 2014-cü il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, hazırda bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Hacı Zeynalov