21 Oktyabr 16:52
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda adam oğurluğunda ittiham olunan Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Müştəba Əliyev bildirib ki, ittiham aktında göstərilən əməli o törədib. O, ailəsindən 3 üzvün və digər şəxslərin günahsız olduğunu bildirərək cinayət işinin məhkəmə istintaqına qaytarılmasını istəyib.

Digər vəsatət isə təqsirləndirilən şəxslər arasında olan azyaşlı Murad Rzayev haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsi barədə olub.

Məhkəmə cinayət işinə xitam verilməsi və cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatəti təmin etməyib.

Həmçinin təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər də təmin olunmayıb.

Növbəti proses noyabrın 4-də davam edəcək.

Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb.

Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

Təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir. İttihamda deyilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar.

Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar.

Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli "gəlinlik" paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar.

Qeyd edək ki, sözügüdən cinayət işi üzrə daha 4 nəfər barəsində axtarış elan edilərək onların istintaqa cəlb olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Cinayət işi üzrə Nəzirxan Tofiq oğlu Ağaxanov zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirlilən şəxslərdən ikisi yetkinlik yaşına çatmayandır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər