Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, sentyabrın 17-də, saat 21:00-da Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi faktına görə Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.