7 Oktyabr 2019 15:41
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda qətl törətməkdə təqsirli bilinən Şamil Fətiyev, onunla birlikdə mühakimə olunan Nurlan Bağırov və Səddam Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

İş üzrə növbəti məhkəmə prosesi oktyabrın 21-nə təyin edilib.

İttihama görə, ötən il avqustun 27-də paytaxtda taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Şamil Fətiyev saxlanılıb.

Qeyd edək ki, Rauf Qəribov Füzuli rayonundan məcburi köçkündür və Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxananda yaşayıb.

Rauf Qəribovun qardaşı 1991-ci il təvəllüdlü Firudin Qəribovun avqustun 14-də, gecə saatlarında rayon ərazisində olan parklardan birində Şamil Fətiyev ilə mübahisəsi düşüb.

Bu zaman Şamil Fətiyev Firudin Qəribovu döyüb, həmçinin ayaq və üz nahiyəsinə bıçaq xəsarətləri yetirib.

Firudin Qəribov hadisə yerindən qardaşı Rauf Qəribova zəng vuraraq onu köməyə çağırıb.

Taksi fəaliyyəti ilə məşğul olan Rauf Qəribov hadisə yerinə gəlib. Dava zamanı Şamil Fətiyev Rauf Qəribovu da ürək nahiyəsindən bıçaqlayıb.

Rauf Qəribov "Azərsutikinti" xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma zamanı məlum olub ki, Şamil Fətiyev cinayəti tək törətməyib. O, cinayət törədən zaman Nurlan Bağırov və Səddam Hüseynli də hadisə yerində olub. Onlar da mərhumla mübahisə ediblər, xuliqanlıq cinayəti törədiblər.

Bundan başqa, təqsirləndirilən şəxslər Bakı şəhər sakini Ağarəhim Mustafayev də xəsarət yetiriblər.

İstintaq orqanı tərəfindən Şamil Fətiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olun xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Digər iki təqsirləndirilən şəxsə qarşı isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilib.


Müəllif: Hacı Zeynalov