Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rüşvət almaqda və dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri - Elnur Quliyev və Vidadi Eyvazovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfinən verilən apellyasiya protesti və apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Qərara görə, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Elnur Quliyevin 3 il müddətinə azadlıqdan məhrumedilmə cəzası 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Vidadi Eyvazovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona şərti cəza verilib və məhkəmə zalından azadlıağ buraxılıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə açıqlamaya əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər şöbəsinin sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb.
Aparılmış birgə araşdırmalarla Elnur Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri Vidadi Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.