Azərbaycan vətəndaşlarını radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etməkdə təqsirli bilinən Bəhram Tağıbəy oğlu Güləliyevin barəsində yeni ittiham irəli sürülüb.
Teleqraf.com-un xəbərinə görə, istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək), 217.2-ci (sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilib.
Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda Bəhram Güləliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.
Qeyd edək ki, Bəhram Güləliyev ötən ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən yaxalanıb.
İttihama görə, aparılan cinayət təqibi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı, 48 yaşlı Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.
Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, sonuncu Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycana ekstradisiya edilib.
Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.