Göyçay rayonunda fərdi yaşayış evi talan edilib.
Hadisə Hacalıkənd kəndində qeydə alınıb.
Həmin kəndin sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ikinci kurs tələbəsi Süsən Vaqif qızı Hümbətova hər iki valideynini itirib və dayısının qəyyumluğu ilə böyüyüb.
Evdə yaşayış olmadığından sui-istifadə edən oğrular evin qapı-pəncərələrini, döşəməsini, pilləkənini, həyətdəki çardağın şiferini sökərək aparıblar. Hətta evdəki divan, soyuducu və televizor da oğurlanıb.
Eyni zamanda həyətyanı sahənin hasarı uçurulduğundan kənd sakinlərinin mal-qarası meyvə bağını da məhv ediblər.
S.Hümbətova Bakıda tələbə yataqxanasında qaldığını, dərs olmadığından Göyçaya qayıtdığını, lakin dağıdılmış evində yaşamaq üçün heç bir şəraitin olmadığını bildirib. O, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102 Xidməti-Zəng Mərkəzi"nə və Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edib.
S.Hümbətova evini talan edən şəxslərin cəzalandırılmasını və yaşamaq üçün şərait yaradılmasını istəyir.