Lənkəranda münasibətdə olduğu kişinin arvadını öldürməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Gülşən Salayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Gülşən Salayeva 13 aprel 2018-ci il tarixdə saat 16 radələrində Lənkəranda fərdi evinin ikinci mərtəbəsindəki mətbəxdə xörək bişirərkən həyətdə oynayan 2009-cu il təvəllüdlü övladı Taleh Həsənli ağlaya-ağlaya mətbəxə gəlib.
Taleh Həsənli Gülşən Salayevanın faktiki nikahda olduğu Arif Həsənovun rəsmi nikahda olmaqla onlarla birgə yaşayan birinci arvadı, 1976-cı ii təvəllüdlü Sevda Həsənova tərəfindən atasının kimliyinin bəlli olmaması barədə təhqiredici ifadə işlədərək, onu şillə ilə vurduğunu bildirib.
Gülşən Salayeva bundan qəzəblənərək mətbəxdən götürdüyü bıçaqla övladına edilən hərəkətə aydınlıq gətirmək üçün evin həyətində olan Sevda Həsənovaya yaxınlaşıb. Onların arasında mübahisə yaranıb. Gülşən Salayeva əvvəlcə əlindəki bıçaqla Sevda Həsənovanı vurub. Bıçağın tiyəsi dəstəyindən sındıqdan sonra isə həyətdə yaxın ətrafdan götürdüyü taxta parçası ilə qadının başına və bədəninin digər nahiyələrinə bir neçə dəfə zərbə vurub.
Sevda Həsənova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Gülşən Salayevanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülşən Salayeva 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Gülşən Salayeva apelyasiya şikayəti verib. O, barəsində təyin olunan cəzanın övladlarının 14 yaşına çatana kimi təxirə slınmasını istəyib. Eyni zamanda törətdiyi əməldən peşman olduğunu, himayısində 3 yaşlı uşağın olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzasının yüngülləşdirilməsi kimi qiymətləndirilməsini istəyib.
Şirvan Apelyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayətin təmin edilməməsi barədə qərar elan edilib.
Bu qərardan narazı qalan Gülşən Salayeva kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti araşdırılıb, sonda qərar elan edilib.
Gülşən Salayevanın şikayəti təmin edilməyib.