31 May 2020 12:27
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Sərhad Əliyevin barəsində axtarış elan olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrlik etdiyi kollegiyada qəbul edilib.

Belə ki, zamində olan Sərhad Əliyev məhkəmə iclaslarının çağırışlarına gəlməkdən yayınıb. Bu səbəbdən məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan olunub.

Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.

İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini Nicat Eynullayevə hədə-qorxu gələrək ondan pul tələb edən şəxs saxlanılıb.

Zərərçəkən ifadəsində Sərhad adlı şəxsin ondan 1200 manat istədiyini, verməyəcəyi təqdirdə isə onunla bərabər yaxın qohumlarına zor tətbiq edəcəyini qeyd edib.

Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər Rusiya Federasiyasında məhkum olunan Ağsu rayon sakini Sərhad Əliyev zərərçəkəndən hədə-qorxu ilə qeyd edilən məbləğdə pulu almaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış zamanı bıçaq aşkar edilərək götürülüb.

Sərhad Əliyev ifadəsində etdiyi cinayəti etiraf edib. Bildirib ki, zərərçəkənin pulu olduğunu bilib, onun yaxın qohumlarını öldürməklə hədələyib və pul tələb edib.

Sonradan Sərhad Əliyevin barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər