30 İyun 2020 10:14
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində valyutadəyişmə məntəqələrindən birində işləyən şəxsi öldürməkdə ittiham olunan Nicat Dajbanın barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 3-nə təyin edilib.

İttihama görə, ötən il noyabrın 11-də gecə saat 1 radələrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Mirağa Əliyevin ürək nahiyəsindən bıçaqla xəsarət alması nəticəsində müalicə müəssisəsində vəfat etməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

İlkin istintaqla hadisənin M.Əliyevin qonşusu, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlu tərəfindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Nicat Dajban şübhəli şəxs qismində tutulub. Məlum olub ki, qətl hadisəsi Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zamanı törədilib.

Mirağa Əliyevin idarə etdiyi avtomobillə Nicat Dajbanın idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Nicat Dajban Mirağa Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən xəsarət alan Mirağa Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, mərhum şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib.

İstintaq orqanı tərəfindən Nicat Dajbanın barəsində Cinayət Məcəlləsinin 120.2.2.-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər