6 İyul 12:16
382

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Müşfiq Qurbanov və Yusif Sadıxovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, Müşfiq Qurbanov axtarışa verilib və Moskvada saxlanılaraq Azərbaycana gətirilib.

Cinayət işi üzrə Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazov tanınıb.

Rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb.

80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Bir neçə qrup üzrə məhkəmə hökmləri elan edilib.

İstintaq orqanı tərəfindən Müşfiq Qurbanov və Yusif Sadıxovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq törətmək), 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq törətmək), 29,214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq törətməyə cəhd), 28,214.2.6-cı (dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində terroçuluq törətməyə hazırlıq), 28,214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq törətməyə hazırlıq), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) və 279.1-1-ci (dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində bu Məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov