Oğuz rayonunda qonşusunu öldürməkdə təqsirli bilinən Zərqəm Məsimovun barəsində sola cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 14-nə təyin olunub.
İttihama görə, hadisə bu ilin fevralın 28-də, səhər saatlarında Oğuz rayonunun Kərimli kəndində “Bazar” adlanan ərazidə baş verib.
Kərimli kənd sakini, 1965-ci il təvəllüdlü Elşən Abdullayev qonşusu Zərqəm Məsimov ilə mübahisə edib.
Bu zaman Zərqəm Məsimov özündə olan ov tüfəngi ilə Elşən Abdullayevi güllələyib. Xəsarət alan Elşən Abdullayev hadisə yerində ölüb.
Zərqəm Məsimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətdə istifadə etdiyi “Tula” markalı tüfəng götürülüb.
Hadisə baş verən zaman orada Zərqəm Məsimov ağac tingləri, onun yanında isə Elşən Abdullayev toxum satırmış.
Bu zaman Zərqəm Məsimovun yanına gələn Elşən Abdullayev bir kisə yonca bitkisinin toxumunu onun avtomobilinə söykəyib.
Buna görə Zərqəm Məsimov onunla mübahisə edib. Mübahisə sonda silahlı insidentin baş verməsi ilə nəticələnib.
İstintaq orqanı tərəfindən Zərqəm Məsimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.