Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Sübhi Abbasovun barəsindəki hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Apelyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Sübhi Abbasovun barəsində çıxarılan bəraət hökmü qüvvədə saxlanılıb, zərərçəkmişin şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
oktyabrın 17-də saat 13 radələrində Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudovun idarə etdiyi “VAZ-21154” və Mingəçevir şəhər sakini Sübhi Abbasovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub.
Nəticədə, xəstəxanaya yerləşdirilmiş E.Mahmudov orada ölüb.
E. Mahmudov rayonda diş həkimi kimi fəaliyyət göstərib.
İstintaq araşdırması zamanı Sübhi Abbasov baş verən qəzada təqsirli bilinərək həbs olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı onun əməli sübuta yetirilməyib və barəsində bəraət hökmü çıxarılıb.