Azərbaycan Respublikası Baş Prokurorluğunun Rusiya Federasiyasının Baş Prokurorluğu ilə səmərəli əməkdaşlığı davam etdirilir.
Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə sorğular edilib.
Belə ki, Abşeron rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Faiq Quliyevin – arvadı Xəyalə Quliyevaya yaşadığı evdə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsinə; Şəmkir rayon polis şöbəsinin istintaq bölməsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İslam Məmmədovun – bir neçə şəxsin etibarından sui istifadə edərək özgə əmlakını ələ keçirmək məqsədilə təkrar dələduzluq əməlini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə AzərbaycanRespublikasının Baş Prokurorluğunun Rusiya Federasiyasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Faiq Quliyev və İslam Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.