İsmayıllı rayounda qətl hadisəsi törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Şirxan Əzimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, İsmayıllı rayon Məhkəməsində hakim Rəfayel Şirinovun sədrliyi ilə baş tutan iclasda təqdimat təmin olunub.
Şirxan Əzimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.
İttihama görə, bu ilin mayın 7-si saat 11 radələrində 1972-ci il təvəllüdlü Ağasəf Soltanovun meyitinin güllə yarası xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.
İlkin istintaqla 2000-ci il təvəllüdlü Şirxan Əzimovun aralarında şəxsi münasibətlər zəminində yaranan münaqişə səbəbindən qisas almaq məqsədilə mayın 7-də saat 9 radələrində rayonun Müşgəmir kəndi ərazisində ov tüfəngi ilə Ağasəf Soltanova 3 dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Şirxan Əzimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
İstintaq orqanı tərəfindən Şirxan Əzizovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İsmayıllı rayon Prokurorluğunda istintaq davam edir.