27 Mart 2021 18:40
2 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıda bacısına xəsarət yetirməkdə ittiham olunan 1981-ci il təvəllüdlü Toğrul İsmayılovun cinayət işi ilə bağlı mənim heç bir əlaqəm yoxdur. Bu şəxsi mən tanımıram. Bu cinayət işində adı keçən “İmamət İsmayılova” mən deyiləm. Ümumiyyətlə bu cinayət işinin bizim ailəmizlə heç bir əlaqəsi yoxdur”.

Bu barədə Teleqraf.com-a məktub göndərən vətəndaş İmamət İsmayılova bildirib.

O qeyd edib ki, bir neçə gündür saxta profillərindən qeyd olunan cinayət işində adı keçən şəxsin ona aid olması barədə feysbukda mesajlar daxil olur: “Məsələn, bir neçə gün əvvəl, 20 martda "Nermin Gurbanova" adlı saxta profil məni bir qrupda təhqir etdi.

Halbuki, şəxsi profilimdə 10 dekabr 2020-ci il paylaşımımda bu informasiyanın mənimlə əlaqəsi olmadığını, bir rayonda eyni ad, soyadlı şəxslərin ola biləcəyini bildirmişəm. Bununla yanaşı tanımadığım profillərin də mənə məxsus olması haqqında şayiələr dolaşır.

Çox təəssüflər olsun ki, bəziləri sosial şəbəkələri nəzarətsiz bir sahə bilib, normal rəy yazanları təhqir edərək, fikirlərini çatdırmağa çalışırlar.

Məsələnin maraqlı tərəfi də odur ki, bu saxta profillər acizliklərini ört-basdır etmək üçün fokusu yayındıraraq məsələyə aidiyyəti olmayan başqa yollara əl atırlar”.

İmamət İsmayılova qeyd edib ki, onu təhqir edən şəxslər barəsində hüquqi müstəvidə qanunu ölçü götürülməsi üçün müvafiq qurumlara müraciət ünvanlayacaq.

***

2020.10.24 - 12:56

Bakıda bacısına xəsarət yetirməkdə ittiham olunan 1981-ci il təvəllüdlü Toğrul İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Toğrul İsmayılovun Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki mənzildə bacısı İmamət İsmayılova ilə mübahisəsi yaranıb.

Mübahisə zamanı Toğrul İsmayılov İmamət İsmayılovanın saçını yolub, əli ilə ağzına, ayaqları ilə bədənin müxtəlif nahiyyələrinə qəsdən vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Toğrul İsmayılovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Toğrul İsmayılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası Xuramana zəng edib və evə çörək lazım olub-olmadığını soruşub:

“Bu zaman bacım İmamətin “evə çörək lazım deyil”, habelə “onlardan bizə heç nə lazım deyil” ifadələri işlətdiyini eşitdim. Həmin gün təxminən saat 20 radələrində bacımın valideynlərimlə yaşadığı Qaraçuxur qəsəbəsindəki mənzilinə gəldim. Orada bacımdan telefonda işlətdiyi ifadələrin səbəbini soruşdum.

Bu səbəbdən bacımla aramızda mübahisə yarandı. Həmin vaxt əsəbiləşərək onun saçını yoldum, əlimlə ağız nahiyəsinə, ayağımla bədəninin müxtəlif nahiyəsinə vurdum. Habelə sol əlindən dişlədim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisənin baş verdiyi vaxt yanlarında ataları Niyazi və anaları Xuraman olub. O, etdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldırdığını qeyd edib. Bildirib ki, etdiyi əmələ görə bacısından üzr istəyib, onunla barışıq əldə edib.

Bu səbəbdən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

Suraxanı rayon Məhkəməsinin hökmü ilə Toğrul İsmayılovun barəsində olan cinayət işinə xitam verilib.


Müəllif: Hacı Zeynalov