23 Noyabr 2020 11:18
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda vətəndaşlara qarşı quldurluq etməkdə ittiham olunan Ceyhun Qaçayev, Emin İsmayılov, Elçin Rzayev, Ülvi Kərəmzadə və Amil Qənbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən cari ilin mart və aprel aylarında tənha yaşayan yaşlı sakinlərə qarşı quldurluq edərək pullarını ələ keçirən dəstə üzvləri saxlanılıb.

Belə ki, əvvəlcədən əlbir olub mütəşəkkil dəstə şəklində tənha yaşayan yaşlı sakinlərə zor tətbiq edərək - mart ayının 12-də 1943-cü il təvəllüdlü Ş.Cəbrayılovanın 600 manat pulunu, aprel ayının 5-də 1961-ci il təvəllüdlü M.İbrahimovun 8 600 manat pulunu və aprel ayının 28-də 1942-ci il təvəllüdlü Z.Məmmədovanın 1 000 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.

Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Ceyhun Qaçayev, Emin İsmayılov, Elçin Rzayev, Ülvi Kərəmzadə və əvvəllər məhkum edilmiş Amil Qənbərov saxlanılıb.


Müəllif: Hacı Zeynalov