5 Dekabr 2020 14:52
4 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeropn rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan Yardımlı rayon sakini, 1981-ci il təvəllüdlü Dəyanət Salayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Dəyanət Salayev Qobu qəsəbəsində fərdi yaşayış evində qısqanclıq zəminində arvadı Sveta Salayeva ilə mübahisə edib, döyərək ona xəsarət yetirib.

Dəyanət Salayev barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadəsində Dəyanət Salayev bildirib ki, Sveta onun arvadıdır: “Sveta ilə 2003-cü ildən rəsmi nigahda olmaqla birlikdə yaşayıram və bu münasibətdən 3 övladımız var. Münasibətlərimiz əvvəllər normal olub. Hadisə baş verən günü, səhər saat 9 radələrində yaşadığımız evdə Svetanın mətbəxdən çıxmadığını gördüm, narahat olaraq mətbəxə keçdim. Bu zaman onun küncdə oturmuş vəziyyətdə hansısa bir işlə məşğul olduğunu gördüm.

Ona yaxınlaşdım, Svetanın mətbəxdə olan qab-qacağın içinə nəsə qoyduğunu gördüm. Ondan bu barədə maraqlandım. Sveta mənə aqressiv cavab verdi. Svetanın qəribə davranışlarından şübhələnərək həmin əşyanı götürməyə cəhd etsəm də, Sveta mənə mane olmağa çalışdı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman əsəbləşib və Svetanın qollarından tutaraq kənara çəkib: “Sifət nahiyəsindən 4-5 dəfə şillə zərbəsi vurdum. Telefonu götürdükdən sonra Svetanın bir nəfər şəxslə danışdığını gördüm, mübahisəmiz bir qədər də böyüdü, daha ağır nəticələrin baş verməməsi üçün evdən bayıra çıxdım. Bir qədər sonra Svetanın qardaşı bizim yaşadığımız evə gələrək Svetanı özü ilə apardı. Daha sonra Svetanın xəstəxanaya müraciət etdiyi mənə məlum oldu”.

Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq mübahisə zamanı Svetanın sifət nahiyəsindən bir neçə dəfə əli ilə vurduğunu, mübahisənin qısqanclıq zəmnində baş verdiyini, Svetanın telefonda başqa bir şəxslə yazışmasından şübhələnərək mübahisəyə başladığını, mübahisənin təxminən 5 dəqiqə davam etdiyini bildirib.

Dəyanət Salayev qeyd edib ki, sonradan zərərçəkmiş şəxslə barışıb. Əməlindən peşmançılıq çəkdiyini söyləyən Dəyanət Salayev barəsində olan cinayət işinə xitam verilməsini xahiş edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sveta Salayeva qeyd edib ki, təqsirləndirilən şəxs ilə 2003-cü il tarixdən rəsmi nigahda olmaqla birlikdə yaşayır: “Münasibətlərimiz əvvəldən normal olmayıb. Dəyanətdən dəfələrlə boşanmaq istəsəm də, mənimlə razılaşmayaraq ayrılmaq istəmədiyini bildirib. Yalnız xəyanət edəcəyim halda məndən ayrıla biləcəyini dediyi üçün internet saytlarının birində tanımadığım şəxslə mesaj vasitəsilə danışdım, sonradan həmin mesajları Dəyanətə göstərməyi düşündüm”.

Sveta Salayeva bildirib ki, bu məqsədlə hadisə baş verən günü, səhər 9 radələrində birgə yaşadıqları evdə olan zaman tanımadığı şəxslə olan mesajlarını Dəyanətə göstərib və boşanmaq istədiyini bildirib: “Dəyanət əsəbləşdi, telefonu əlimdən alaraq mesajlara baxdı və əsəbi halda mənimlə mübahisə etdi. Mübahisə zamanı Dəyanət əli ilə sifət nahiyəmdən bir neçə dəfə zərbə vurdu, taxta və digər məişət əşyaları ilə bel, ayaq və qol nahiyələrimdən də zərbələr endirdi.

Dəyanət bir qədər sonra evdən çölə çıxdı, qardaşım Elçinə zəng edərək yaşadığımız ünvana çağırdı. Elçin oraya gəldikdən sonra məni özü ilə apardı”.

Dəyanət Salayevanın sözlərinə görə, həmin gün onun bədən və sifət nahiyələrində xəsarətlər olduğu üçün Sabunçu 3 saylı xəstəxanasına müraciət edib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Dəyanət Salayevin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər