22 Dekabr 2020 12:43
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 17 yaşlı qızın ölümündə təqsirli bilinən 1996-cı il təvəllüdlü İlkin Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, İlkin Bəşirov sərxoş sərxoş vəziyyətdə idarə etdiyi “MONDİAL 100 Sfc Snappy X” markalı mopedi Bakı-Quba-Dağıstan yolunun Abşeron rayonu ərazisindən keçən 10-cu kilometrində körpüyə qalxan yolayrıcında beton çəpərə çırpıb.

Nəticədə mopeddə olan sərnişin Nuray Vəliyevanın ölümünə səbəb olub.

İlkin Bəşirovun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin Bəşirov bildirib ki, onun nəqliyyat vasitələrindən heç birini, o cümlədən motosiklet idarə etmək hüququ yoxdur: “2019-cu ilin may ayında Sumqayıt şəhərində parkda gəzərkən Nurayla tanış oldum. Nuray qalmağa mənzili olmadığını dediyi üçün onu yaşadığım yataqxanaya apardım, birgə yaşamağa başladıq.

Nurayla birlikdə Sumqayıt şəhərində “Ülvi” şadlıq sarayında dostumun qohumunun toy şənliyində iştirak etdim. Birlikdə spirtli içki qəbul edib təxminən saat 22.40-da toydan çıxdıq. Nuray motosikletə sərnişin kimi qabağımda oturaraq Sumqayıt şəhərindən Bakıya yola düşdük.

Təxminən saat 23.00-da Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində, Xırdalan qəbiristanlığı ilə üzbəüz yerdə sərxoş vəziyyətdə olduğum üçün idarə etməni itirdim və hadisə törətdim. Hadisə nəticəsində xəsarət alaraq huşumu itirdim. Ayıldıqda özümü xəstəxanada gördüm, Nurayın isə öldüyünü eşitdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, anası İlahə Mövsümova bildirib ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan İlkin Bəşirovu Nurayın tanışı kimi tanıyır: “Hadisə nəticəsində ölən Nuray mənim övladımdır. 2009-cu ildə Binəqədi rayonu Müşfiqabad qəsəbəsində yerləşən 320 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib, 2018-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Nuray həmin il Bakı şəhərindəki 4 nömrəli peşə liseyinə qəbul olundu, orada təhsilini davam etdirdi”.

İlahə Mövsümovanın sözlərinə görə, 2019-cu ilin fevral ayının 10-dan sonra Nuray onun icazəsi olmadan evdən gedib və bir neçə gün sonra evə qayıdıb: “Mənə rəfiqələri ilə qaldığını dedi, amma onların kim olduğunu demədi.

Həmin vaxt Nuray sosial şəbəkədə İlkin adlı oğlanla tanış olub. Sonuncu dəfə qızım ölümündən təxminən 20 gün əvvəl evdən getdi. Onun harada olduğnu bilməmişəm.

Nuray İlkin adlı oğlanla mopedlə gecə yaşadığı Müşfiq qəsəbəsindəki evə gəldi. İlkini sevdiyini və ona ərə getmək istədiyini dedi. İlkin də Nurayı sevdiyini və onunla evlənəcəyini söylədi.

İlkinə Nurayın 16 yaşının fevral ayında tamam olduğunu, hələ onun ərə getməyə yaşı çatmadığını dedim. İlkin isə öz anasının Türkiyədə olduğunu, qayıtdıqda Nurayı nişanlayacağını və sonra toy edəcəyini bidirdi. Həmin gecə Nuray çantaya paltarlarını yığaraq İlkinlə getdi”.

İlahə Mövsümova qeyd edib ki, sonradan internet vasitəsi ilə Nurayın yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat alaraq onu xəstəxanalarda axtarıb: “Respublika Xəstəxanasının morqunda Nurayın meyitini tapdım. Məlum oldu ki, Nuray İlkinin idarə etdiyi mopeddə qəza zamanı ölüb. Nurayı Güzdək qəsəbəsindəki qəbiristanlıqda dəfn etmişik”.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

İlkin Bəşirov 5 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər