Bakıda arvadını xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirli bilinən 1984-cü il təvəllüdlü Xəyal Məmmədovun məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Xəyal Məmmədov 2019-cu ilin avqustunda rəsmi nikahda olduğu Günay Məmmədova ilə Sabunçu rayonu, Daş karxanası yaşayış massivində yaşadıqları evdə mübahisə edib.
Münaqişə nəticəsində Günay Məmmədov atası Mirverdi Məmmədovun evinə gedib.
Xəyal Məmmədov arvadını geri qaytarmaq məqsədi ilə qayınatasıgilə getdib. Günay qayıtmaq istəmədiyini bildirib.
Evin yataq otağında aralarında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan Xəyal Məmmədov arvadının hamilə olduğunu əvvəlcədən bildiyi halda bıçaqla 18 zərbə vurub.
Xəyal Məmmədov arvadının döşəmənin üstündə halsız vəziyyətdə qaldığını görüb və onun öldüyünü zənn edərək hadisə yerini tərk edib.
Günay Məmmədovanı atası Mirverdi Məmmədov 3 saylı şəhər xəstəxanasına aparıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Xəyal Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Xəyal Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 2019-cu il avqust ayında arvadı Günayla yaşadığı evdə mübahisə edib: “Mübahisəyə səbəb Günayın mənə və uşaqlara qarşı laqeyd münasibət göstərməsi olub.
Mübahisədən sonra Günay uşaqları da götürüb yaxınlıqdakı atası Mirverdinin evinə getdi. Günayı gətirmək üçün qayınatamgilə yollandım. Həyətdə oynadığını gördüm. Onlarla görüşdüm, sonra evə daxil oldum. Günaydan evə qayıtmasını tələb etdim. O isə evə qayıtmaq istəmədiyini bildirdi.
Söhbət edə-edə evin dəhlizindən içəri, yataq otağına daxil olduq. Günayın evə qayıtmayacağını bildirməsi səbəbindən aramızda mübahisə yarandı. Əsəbləşərək şalvarımın cibində gəzdirdiyim bıçaqla onun bədəninə bir neçə dəfə zərbə vurdum.
Günaya vurduğum zərbələrinin sayı dəqiq yadımda qalmayıb. O, otaqda döşəmənin üstünə yıxıldı və taqətsiz vəziyyətdə qaldı. Əlimdə bıçaq evin həyətinə çıxdım. Bıçağı evin həyətinə ataraq yaşadığım evə getdim”.
Xəyal Məmmədovun sözlərinə görə, hadisə baş verən zaman əynində olmuş paltarları evin həyətində yandırıb: “Evdə tək olduğum üçün məni heç kəs görmədi. Həmin gün evdə qaldım. Ertəsi gün 14-cü polis bölməsinə könüllü gəldiyimi bildirdim.
Qayınatam Mirverdinin evinə Günayı öldürmək məqsədi ilə yox, barışaraq onu evə qaytarmaq üçün getmişəm. Günayın hamilə olduğunu bildiyim üçün onu öldürmək istəməmişəm. Hadisə evin yataq otağında baş verdiyinə görə səs-küy yaranmayıb”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.