Azərbaycanda terrorçuluqda ittiham olunan Amil Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətin yaydığı məlumata görə, araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Amil Əhmədovun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşaiyət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib.
Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılıb.
İstintaq orqanı tərəfindən Amil Əhmədovun barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə ittiham elan edilib.