Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Mirazad Mirəliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Mirazad Mirəliyev bu ilin aprelin 23-də Abşeron rayonu Hökməli qəsəbəsində 41 yaşlı Mürvət Cəfərovu bıçaqlayaraq öldürüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mirazad Mirəliyev saxlanılıb.
Müəyyən edilib ki, Mirazad Mürvət Cəfərovu söyüş söydüyünə görə vurub. Təqsirləndirilən şəxsin sözlərinə görə, Mürvət onu sonuncu dəfə hadisə günü ofisinin qarşısında təhqir edib. Sonra isə mərhum yaxınlıqdakı çay evinə gedərək orada qohumları ilə görüşüb. Mürvətin arxası ilə çay evinə gələn Mirazad təhqir olunmasının səbəbini soruşanda aralarında mübahisə böyüyüb. Bu zaman Mirazad bıçaqla onu vurub.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Mirazad Mirəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov