30 İyul 2021 16:11
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluqda ittiham olunan Zaur Babayev və Mərhəmət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Mərhəmət Hüseynov təmizlik işçisidir, Bakıda süpürgəçiliklə məşğul olur.

Zaur Babayev həbsdə olsa da Mərhəmət Hüseynov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev Zaur Xudabaxış oğlunun qanunsuz hərəkətləri barədə daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Zaur Babayevin özünü dövlət orqanının vəzifəli şəxsi kimi təqdim edərək ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılan təqsirləndirilən şəxsin cəzasının azaldılmasına, mənzilin özəlləşdirilməsinə və pensiya təyin edilməsinə köməklik göstərilməsinə dair yalan vədlər verərək guya səlahiyyətli vəzifəli şəxslərə verilməsi adı altında müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul vəsaitini alaraq dələduzluq etməsinə və vətəndaşları vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

Ona qarşı Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) və dələduzluq maddələri ilə ittiham elan edilib.

Mərhəmət Hüseynov isə dələduzluqda ittiham olunur. O, həyat yoldaşı həbsdə olan bir qadını tanıyıb. Qadın ərinin cəzasının azaldılmasına kömək edilməsini istəyirmiş.

Mərhəmət Hüseynov bu haqda Zaur Babayevə deyib. Zaur Babayev "bu iş mənlikdir" deyərək zərərçəkmiş kimi tanınan qadından pul alıb. Sonradan onun dələduzluq əməli üzə çıxıb.

Özünü DTX mayoru kimi təqdim edən Zaur Babayevi bir çoxları belə tanıyırmış. İş alınmadığı zaman qadın Mərhəmət Hüseynovdan şikayətçi olub. Mərhəmət Hüseynov saxlanılan zaman Zaur Babayevin adını çəkib və işin üstü açılıb.

Proses avqustun 11-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər